Nizami Ganjavi Foundation

Xəbərlər

Türkiyənin Bursa vilayətində 3-cü “Baramadan ipəyə” beynəlxalq festivalı keçirilir

Sentyabrın 1-dən 4-dək türk dünyasının mədəniyyət paytaxtı olan Türkiyənin Bursa vilayətində 3-cü “Baramadan ipəyə” beynəlxalq festivalı keçirilir. Azərbaycan ipəyi ilk dəfə bu festivalda nümayiş etdirilir.

Beynəlxalq festival Bursa Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə baş tutur.

Azərbaycan sözügedən festivalda Nizami Gəncəvi Vəqfinin təşəbbüsü, Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və “Azəripək” MMC-nin tərəfdaşlığı ilə “Kəlağayı: Şəkidən Bursaya doğru uzanan ipək tellər” adlı milli stendi ilə təmsil olunur. Ölkəmizin festivalda iştirakının əsas məqsədi Azərbaycanın qədim və zəngin ipəkçilik sənətini beynəlxalq arenada təbliğ etmək, eləcə də iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsinə töhfə verməkdir. 

Sərgidə Şəkidə “Azəripək” MMC tərəfindən istehsal olunan ipək nümunələrinin, əsasən qədim Azərbaycan baş örtüyü olan kəlağayının təqdimatı və satışı keçirilir. Bundan əlavə, tədbir boyu Azərbaycan ipəyinin tarixini əks etdirən videomateriallar, ipək və kəlağayı istehsalı zamanı istifadə olunan boya, basma naxış qəlibləri və digər kiçik daşına bilən vasitələrin nümayişi, eləcə də ustad dərslərinin təşkili nəzərdə tutulur.

Tədbirin açılış mərasimində Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş Azərbaycan stendini ziyarət edib. Vəqfin direktoru Rəfi Qurbanov bələdiyyə sədrinə milli stendimiz haqqında ətraflı məlumat verib. Daha sonra “Azəripək” MMC-nin marketinq və biznesin inkişafı üzrə şöbə müdiri Elvira Məmmədova tərəfindən xarıbülbüllə bəzədilən ipək kəlağayı Alinur Aktaşa hədiyə edilib. 

Dörd gün davam edəcək tədbirdə yerli, eləcə də Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr Türk Respublikası kimi türkdilli ölkələrin milli ipək nümunələrindən ibarət sərgiləri təşkil olunur. Təşkilatçılar tərəfindən ipək festivalı çərçivəsində hər günə məxsus müxtəlif ekskursiya və mədəni tədbirlərin təşkili də nəzərdə tutulur.

Tədbirdə nümayiş etdirilən Azərbaycan milli geyimləri modelyerlər, Əməkdar mədəniyyət işçisi Fəxriyyə Xələfova və Azərbaycan Milli Geyimlər Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova tərəfindən hazırlanıb. 

Festivalın rəsmi açılış mərasimində Türkiyənin Bursa üzrə dövlət rəsmiləri, Azərbaycanın İstanbuldakı Baş konsolluğunun əməkdaşları, Nizami Gəncəvi Vəqfinin və “Azəripək” MMC-nin rəsmi nümayəndələri, Bursa Azərbaycan İnnovasiya və Həmrəylik dərnəyinin rəhbər heyəti, Bursa Uludağ Universitetində təhsil alan azərbaycanlı gənclər, yerli ipək istehsalçı şirkətlərin rəhbərləri, eləcə də digər yerli və xarici rəsmi qonaqlar iştirak ediblər.

 

“Sosial media” mövzusunda təlim keçirilib

Xəbərlər “Sosial media” mövzusunda təlim keçirilib Nizami Gəncəvi Vəqfinin (NGV) təşkilatçılığı və “Belə belə işlər” layihəsinin dəstəyi ilə “Sosial media” mövzusunda Vəqfin əməkdaşlarına və könüllülərinə

Daha Çox >
Shopping Basket