GƏNCƏ

Gəncə bəşəriyyətə məlum olan ən qədim yaşayış məskənlərindən biridir. Miladdan qabaq V əsrdə qədim insan məskəni üzərində yaranan Gəncə haqqında ərəb, fars, gürcü həmçinin orta əsr Avropa və rus müəlliflərinin əsərlərində məlumat verilir. Bunu qədim Gəncə ərazisində aparılan arxeoloji qazıntılar zamanı əldə edilmiş maddi-mədəniyyət qalıqları da sübut edir. İbtidai dövrlərdən qədim əcdadlarımızın məskunlaşdığı bu şəhərin 3500-4000 illik yaşı olduğuna tarixi dəlillər zəmanət verir. Müsəlman və xristian dünyasına keçid məntəqəsində yerləşən Gəncə, eyni zamanda Qərbdən Şərqə, Şimaldan Cənuba dogru uzanan ticarət yollarının qovşağında yerləşir. Əlverişli təbii-coğrafi şərait, münbit torpağı, mülayim iqlimi, bol sulu çayları, habelə comərd, yurdsevər insanlara malik olan Gəncədə minilliklər boyu zəngin mədəniyyət, möhtəşəm tarix yaranmışdır.

       Yarandığı dövürdən ən azı dörd dəfə yerini dəyişən Gəncə strateji cəhətdən də əlverişli mövqedə yerləşdiyindən daim, yadellilərin diqqət mərkəzində olmuşdur. Dəfələrlə dəhşətli zəlzələlərin qurbanı olan Gəncə, habelə monqolların, xarəzmlərin, gürcülərin, ərəblərin, rusların və digər qəsbkarların hücumlarına məruz qalmışdır. Neçə-neçə dünya dövlətlərinin hərb meydanına çevrilən Gəncə ona dəyən zərbələrdən, ziyanlardan sarsılmamış, özündə güc, təpər taparaq dirçəlmiş, nəinki özünə gəlmiş, habelə inkişaf edərək möhtəşəm şəhərlər səviyyəsinə yüksələ bilmişdir. Gəncənin kökü, özülü möhkəm, sarsılmaz, yenilməzdir. İşğallar, təcavüzlər, təbii fəlakətlər Gəncə üzərində ancaq müvəqqəti qələbə çala bilmiş, şəhər yenə öz möhtəşəmliyini bərpa etmişdir.

      Gəncə haqqında bilgiləri ərazidə aparılan arxeoloji qazıntılar, tarixi məxəzlər, salnaməçi-tarixçilər, səyyahların məlumatları verır. Gəncənin tarixi mədəniyyəti haqqında ədalətli-ədalətsiz, doğru-riyakar, qərəzli-qərəzsiz yazılara baxmayaraq bütün mənbələr bu şəhərin möhtəşəmliyi, əzəməti, insanlarının qeyrəti və şücaətindən ağız dolusu xəbər verir.

      VII əsrin ortalarında Gəncə ərəb xilafətinin qoşunları tərəfindən zəbt olunur. IX əsrdən başlayaraq Gəncə beynəlxalq ticarətdə mühüm rol oynayaraq Ön Asiyanın tanınmış iqtisadi mərkəzlərindən birinə çevrilir. 970-ci ildə yaranan Şəddadilər dövləti Gəncəni özünə paytaxt seçir. 1088-ci ildə Şəddadilərin varlığına son qoyan Səlcuqlar Gəncəni Səlcuq əmirlərinin iqamətgahı edirlər.

      XII əsrdə Gəncə Atabəylər dövlətində (1136-1225) Arran vilayətinin iqamətgahına çevrilir. Həmin dövrdə şəhər xeyli tərəqqi edərək iri siyasi, iqtisadi, mədəni mərkəz rolunu oynayır. Bu dövrdə Gəncə öz inkişafının intibah dövrünü yaşamış, yaxın şərqin elm, ədəbiyyat, incəsənət mərkəzi kimi böyük şöhrət tapmış, elm, mədəniyyət, ticarət, sənətkarlıq ən yüksək zirvəyə çatmışdır.

     1139-cu il zəlzələsində 300 minədək əhalinin məhv olması barədə səlnaməçilərin verdiyi xəbər Gəncənin qüdrət və əzəmətindən xəbər verir. Təbii-coğrafi relyefin münbitliyi, hərbi strateji mövqeyinin etibarlılığı digər bölgələrdən də buraya əhali axınına səbəb olmuşdur. 

     Arxeoloji qazıntılar zamanı qədim Gəncə ətrafında üçqat qala divarlarının qalıqlarının tapılması faktı da şəhərin sürətli inkişafını göstərir.

     XIII əsrin I yarısında Gəncə Xarəzm və monqol qoşunlarının işğalına məruz qalır. XIII əsrin II yarısından Gəncə Elxanilər, XV əsrin I yarısında Qaraqoyunlu, II yarısında isə Ağqoyunlu dövlətinin tərkibinə daxil edilir. XVI əsrdən Gəncə Qarabağ (Gəncə) bəylərbəyliyinin mərkəzinə çevrilir. XVI əsrin II yarısından XVIII əsrədək Gəncə dəfələrlə Osmanlı və Səfəvi imperiyaları arasında gedən müharibələrin nəticəsindən asılı olaraq gah Səfəvi, gah da Osmanlı imperiyasının ərazi vahidlərinə daxil edilir. 

      XVIII əsrin ortalarında Gəncə eyni adlı xanlığın mərkəzinə çevrilir. 1804-cü ilin yanvar ayında P.D.Sisyanovun başçılığı ilə rus qoşunları Gəncə xanlığının mərkəzini işğal edirlər. Bununlada Gəncə xanlığı ləğv edilir, ərazisi isə Rusiyaya birləşdirilir. P.D.Sisiyanovun əmri ilə Gəncənin adı dəyişdirilərək rus çarı I Aleksandrın arvadının şərəfinə Yelizavetpol adlandırılır. 1813-cü ildə imzalanmış Gülüstan müqaviləsinin şərtlərinə əsasən Gəncə tamamilə Rusiyaya birləşdirilir, 1869-cu ildən isə Yelizavetpol quberniyasının mərkəzinə çevrilir.

     Səyyah və səlnaməçilər öz qeydlərində Gəncənin möhtəşəmliyindən, yaşayış üçün yararlı olmasından ağız dolusu danışırlar. İbn Hövqəl, Əbdül Rəzzaq İsfahani (X əsr), Mxitar Qoş, İbn Əl-Əsir (XII əsr), Yaqut Həməvi, Zəkəriyyə Qəzvini (XIII əsr), Həmdullah Qəzvini (XIV əsr), Mirxond Məhəmməd (XV əsr), Nəcməddin Əl Hüseyni (XVI əsr), türk alimi Münəccimbaşı (XVII əsr), eləcə də alban tarixçiləri Moisey Kalankatuklu, Sebeos, E.Resler, Y.A.Paxomov, M.Şopen, Sen Martin, Erbele, İ.Mark Vayt, Samuil İniyski, Esay Həsən Cəlal, F.Brokhauz, İ.Yefremov, İ.Şeblıgin, H.Marr, Q.Qeybullayev, Z.Bünyadov və bir çox başqa tarixçilər öz əsərlərində Gəncədən iftixarla bəhs etmişlər.

     Gəncə əhalisi özünəməxsus milli xüsusiyyətlərə, vətən sevgisi və təəssübkeşliyə malikdir. Bunu dəfələrlə igid gəncəlilər cəng meydanlarında sübut etmişlər. VII əsrdə Comərd Qəssab, XII əsrdə usta Bəndər, XIX əsrin əvvəllərində Cavad xan və bir çoxları yadelli işğalçılarla mübarizədə qəhrəmancasına həlak olmuşlar.

     Şərqin tarixi mədəniyyət mərkəzlərindən olan Gəncə ədəbi mühitində Əbu Həfs Gənci (1085-1155), Əbül Üla Gəncəvi (1096-1159), Məhsəti Gəncəvi, Qivami Mütərrizi, Rəziyyə Gəncəvi və nəhayət, dünya mədəniyyəti xəzinəsinə misilsiz incilər bəxş etmiş, hələ sağlığında ikən müasirləri tərəfindən “Sərq poeziyasının günəşi” adını almış, bütün dövrlərin dahi mütəfəkkir şair-filosofu Nizami Gəncəvi (1141-1209) kimi dühalar yetişmişdir.

     Gəncə milli təfəkkürün inkişaf etdiyi şəhərdir. Təsadüfi deyildir ki, 1918-ci il mayın 28-də F.X.Xoyskinin başçılığı ilə Tiflisdə özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cumhuriyyəti Gəncəni özünə paytaxt seçmişdir. 1918-ci il iyunun 16-dan sentyabrın 15-dək Cumhuriyyətin paytaxtı Tiflisdən Gəncəyə köçürülür və həmin il Gəncənin adı növbəti dəfə özünə qaytarılır. 1920-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti süquta uğradıldıqdan sonra rus qoşunları – XI Qızıl Ordu hissələri şəhərə daxil olur, lakin Gəncədə dövlətin və xalqın təəssübünü qeyrətlə çəkənlər Sovet hakimiyyətinə qarşı Azərbaycan tarixində az öyrənilən Gəncə üsyanı adı altında böyük qiyama qalxırlar və həmin qiyamda rus şovinizminin ağır zirehləri altında qalaraq məhf olmağa məhkum edilirlər.

       Sovetlər zamanı, 1935-ci ildə Gəncənin adı dəyişdirilərək S.M.Kirovun “şərəfinə” Kirovabad adlandırılır. 1989-cu ildə Gəncənin tarixi adı sonuncu dəfə və əbədi olaraq özünə qaytarılır. 1991-ci ildən müstəqilliyinə qovuşan Azərbaycan Respublikasının inkişaf etmiş şəhərlərindən olan müasir Gəncə respublikanın ikinci böyük elm, mədəniyyət və ticarət mərkəzinə çevrilmişdir.

     1993-cü ildən gəncəlilər öz tarixi keyfiyyətlərinə sadiq qalaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycanın Dövlət Müstəqilliyinin daha da möhkəmləndirilməsi istiqamətində apardığı əzimkar fəaliyyətinə daima yaxından dəstək olmuşlar. Bu siyasi kurs bu gün də ləyaqətlə davam etdirilməkdədir.

     Son illər Gəncədə şəhərin tarixi görüntüsünü saxlamaqla yanaşı, böyük miqyasda şəhərsalma memarlığının son nailiyyətlərindən istifadə olunaraq abadlıq və quruculuq işləri aparılmışdır. 

      Azərbaycanın tarixi boyu Gəncə şəhəri dövlətçiliyimiz üçün böyük əhəmiyyət kəsb etmişdir. Bu əhəmiyyətli yanaşma tərzi bu gün də Ulu Öndərin yolu ilə gedən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməkdədir.

        Tarixliyini qorumaqla inkişaf etdirilən Gəncədə görülən bütün quruculuq işləri Dövlət başçısının müvafiq sərəncamları və göstərişləri ilə həyata keçirilmişdir.

        “Gəncənin bugünkü qədim siması onun zəngin tarixini əks etdirir”- deyə vurğulayan Cənab Prezident İlham Əliyevin 2004-cü ildən 2022-ci ilədək 18-dəfə Gəncə şəhərində rəsmi səfərdə olması və hər səfəri zamanı müxtəlif infrastruktur sahələrinin açılışında iştirak etməsi, Azərbaycanın digər rayon və şəhərləri kimi, Gəncənin inkişafını daima şəxsi nəzarətində saxlamasının bariz nümunəsidir.

       Tarixiliklə müasirliyi özündə ehtiva edən Gəncə şəhərinin maddi-mədəniyyət nümunələrinin, xüsusilə də, ədəbiyyat, mədəniyyət və tarixi abidələrinin əbədiyaşarlıq qazanmasında Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın rolu əvəzsizdir.  Vətən müharibəsində Gəncə şəhəri mənfur düşmənlər tərəfindən raket hücumlarına məruz qalarkən Birinci Vitse Prezident Mehriban Əliyevanın sölədiyi: “Bu gecə erməni təcavüzkarları Gəncəyə xaincəsinə hücum ediblər. Niyyət sadə və eyni zamanda, dəhşətlidir – mümkün qədər çoxsaylı dinc sakinləri məhv etmək, panika yaratmaq, Azərbaycan xalqını qorxutmaq. Lakin təcavüzkar heç vaxt öz çirkin məqsədlərinə nail olmayacaq. Bu şanlı şəhərin sakinləri ruhən çox güclüdürlər! Gəncə – Nizamidir, Məhsətidir, Vazehdir! Lakin Gəncə təkcə Azərbaycanın mədəni irsi deyil. Gəncə – qədim dövlətçiliyimizin beşiyidir. Bu, sarsılmaz dözüm, mərdlik və igidlik rəmzidir! Gəncə Cavadxanın yurdudur. Bu şəhər Şərqdə ilk demokratik cümhuriyyətin müstəqilliyi uğrunda sona qədər vuruşmuş şəhərdir. Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!”- fikirləri Gəncəyə, onun tarixinə və yetişdirdiyi tarixi şəxsiyyətlərə sevgsinin, rəğbətinin bariz nümunəsidir.

       44 Günlük Vətən Müharibəsi dövrünndə Azərbaycanın qəhrəman şəhərlərindən biri də qədim Nizami yurdu olan Gəncə şəhəri oldu. Münaqişə bölgəsindən kilometrlərlə kənarda yerləşən Gəncə şəhəri oktyabrın 4-ü, 5-i, 8-i, 11-i və 17-də Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif təyinatlı “Toçka-U”, “Smerç”, “SCUD” və digər raket qurğularından endirilən zərbələrə məruz qalıb. Nəticədə 6-sı uşaq olmaqla, 26 mülki şəxs həlak olub, 31-i uşaq olmaqla, 142 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ermənistan silahlı qüvvələri tərəfindən dinc və silahsız gəncəlilərə qarşı törədilən bu terror  aktları Gəncənin və  əhalisinin əzmini qıra bilməyərək tarixi qüdrətini Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək nümayiş etdirdilər.Və məhz bu birlikdən doğan qayğının, sevginin nəticəsi olaraq Möhtərəm Prezidentimiz İlham Əliyev Gəncə şəhərinə sonuncu rəsmi səfərində şəhid olan günahsız insanların xatirələrinin əbədiləşdirilməsi məqsədilə yaradılacaq Memorial Kompleksin təməlini də qoydu.

       Qeyd edək ki, Gəncə şəhəri Birinci Qarabağ müharibəsində 364, 44 Günlük Vətən Müharibəsində isə 107 şəhid veribdir. Ruhları şad olsun.


Müəllif: AMEA-nın Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov

Shopping Basket