Nizami Ganjavi Foundation

Məqalələr

Nizami Vəqfi haqqında sənədə dair

Ziya Bünyadov

Orta yüzillər mədəniyyətinin böyük simalarından biri olan dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığının öyrənilməsi nəinki respublikamızda, eləcə də ölkəmizdə, hətta xaricdə son zamanlar geniş vüsət almışdır.  Son illər Azırbaycan alimlərinin Nizami yaradıcılığının yeni şəkildə araşdırmaları, əsərlərinin ana dilimizdə yeni redaktədə nəşr etmələri, sətri tərcümələri üzərində çalışmaları respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.  

Hal-hazırda bu sahədə görülən işlər davam etməkdə və şairin əsərləri, şəxsiyyəti, dövrü ilə bağlı yeni-yeni sənədlər üzə çıxarılıb, elm aləminə tanıdılmaqdadır.  Nizaminin nə yaradıcılığı, nə də ki,  yaşadığı dövrlə bağlı olan, ancaq bizim üçün şair əbədiyyətə  qovuşandan sonra da xatirəsinin əziz tutulduğunu təsdiq edən sənədlərdən biri də 1593-cü ildə osmanlı türklərinin Gəncə-Qarabağ vilayətini ələ keçirdikdən sonra,  bu vilayətə aqrar məsələlərinin nizama salınması məqsədilə hazırladıqları “Gəncə-Qarabağ vilayətinin icmal dəftəri” nin 277-ci səhifəsində yazılmış şair Nizaminin vəqfidir.

 Nizami vəqfinə aid olan bu sənəd haqqında ilk məlumatı akademik Həmid Araslı “Əİ”  25.II.1983 və türk alimi Fəxrəddin Qırzıoğlu vermişlər. Əgər F.Qırzıoğlu XVI yüzilliyin sonunda Gəncə-Qarabağ vilayətində yaşayan köçəri tayfalara həsr etdiyi məqaləsinin sonunda Nizami vəqfinə dair sənəd haqqında qısa bir məlumat vermişsə, akademik H.Araslının məqaləsində isə Nizami vəqfinə aid sənəd xüsusi bir araşdırma obyekti olmuşdur. 

Nizami vəqfinə aid sənəd həcm etibarilə böyük olmayan, ancaq faktik materialı baxımından qiymətli bir tarixi sənəddir.  Sənəddə ayrıca vəqfin gəlir qaynaqları onların harada yerləşdikləri göstərilmişdir. Kompozisiya baxımından sənəd sadədir və iki hissədən ibarətdir:  1. Vəqfin gəlir qaynaqları və oradan əldə edilən gəlirin həcmi,  2. Bu gəlirdən gündəlik xərclər  üçün ayrılan məbləğ və onun hansı işlər üçün ayrıldığı göstərilir.

Maraqlı cəhətlərdən biri də odur ki, Nizami vəqfinə aid obyektlər Gəncə qalasından kənarda olduğu kimi, qalanın içərisində də vardır. Bunların arasında iki nalbənd, bir qəssab və bir çörəkçi dükanı qeyd edilmişdir. Ümumiyyətlə isə, Nizami zaviyyəsinin 12 ədəd vəqf edilmiş obyekti vardır ki,  bu da o dövrlərdə Gəncə-Qarabağ vilayətində ən böyük vəqf hesab edilirdi.  Müqayisə üçün yalnız bunu göstərmək kifayətdir ki, əgər Gəncə-Qarabağ vilayətinin Kürək nahiyəsinin dağlıq hissəsində yerləşən, vilayətin böyük vəqflərdən biri hesab edilən və yuxarıda adını çəkdiyimiz vilayətin “İcmal dəftəri” nin 278-ci səhifəsində yazılmış İmamzadə şeyx Məhəmməd vəqfinin illik gəliri 5.400 ağca idisə,  Nizami vəqfinin gəliri ondan 3 dəfədən çox – 17.480 ağca idi.

Diqqətəlayiq faktlardan biri də Nizami vəqfinin illik gəlir ilə  xərci arasındakı fərqdir.  İllik xərci 15.120 ağca olan bu vəqfin öhdəsində ildə 2.360 ağca qalırdı ki, bu məbləğ də vəqfin himayəçisi  (mütəvəlli) tərəfindən  ya şairin türbəsinin bərpasına, məktəb və başqa tikililərin ucaldılmasına sərf edilər və yaxud da həmin məbləğ bir sərmayə kimi də toplanıla bilərdi.

Sənəd orta yüzillər osmanlı dəftərxanasında istifadə edilən siyaqət xətti ilə, rəqəmlər isə “ərqəmi-divaniyyə”, yəni ərəbcə sözlə və qısa şəkildə yazılmışdır.  Elə sənədin oxunuşunda da “ərqami-divaniyyə” böyük çətinliklər törədir və “Nizami vəqfi haqqında yeni sənəd” adlı  məqalə “Əİ”   25.II.1983 “ərqami-divaniyyə” lər bir çox hallarda düzgün verilməmişdir. Belə olduğu halda Nizami vəqfi haqqında doğru məlumat əldə etmək məsələsidə çətinləşir.

Sənəd osmanlıca yəni ərəb və fars dilinin cümlə quruluşu ilə yazıldığı üçün, onu oxuculara transkripsiya ilə deyil tərcümə şəklində çatdırmağı məqsədyönlü sayırıq.

 

Mərhum şeyx Nizaminin – onun sonsuz və sayğılı hikməti sonsuz və qutsal olsun ! – Gəncə qəzasının Böyük Kürək nahiyəsində olan vəqfləri” Böyük Kürək nahiyəsinə tabe olan İlə başqa adıyla Həmdünyan kəndinin malikanəsi (gəlirinin)  yarısı və divani timarı (gəlirinin) hamısı zaviyyə vəqfidir.  (Gəlirin) vəqfə aid hissəsi: 3.500 (ağca)

Gəncəyə tabe olan Pir Cəlil kəndi malikanəsi və mirimirana aid divani xassı (gəliri) zaviyyə vəqfidir:   2.00 (ağca)

Quşqara çayının yanından axan Qurtlubağça məzrəsi. Malikanə (gəlirinin) yarısı və divani timarı (gəlirinin)  hamısı zaviyyə vəqfidir.  (Gəlirin) vəqfə aid hissəsi: 1.500 (ağca).
 Kürək nahiyəsindəki Zazalı çayı kənarında və zaviyyə vəqfi olan bir çəltik tarlası.  Gəlir:  180 (ağca).

Gəncəbasardaki Şaxı çayı kənarında olan bir bostan yeri.  Gəlir: 180 (ağca).

Gəncədəki Dınaqşənb çayı kənarında olan və 20 taqarlıq (1 taqar – 195 kiloqram – Z. B., H. M.) bir əkin yeri.  Gəlir: 1.600 (ağca).

Yekun:  10.280 (ağca).

(Zaviyyə vəqfinin) Gəncə qalasının içində (olan hissəsi).

Qapan meydanında (yəni çəki işləriylə məşqul olunan meydanda)  olan 2 ədəd nalbənd dükanı. Hər dükanın (gəliri) gündə 2 (ağca).  İllik gəliri: 1.440 (ağca).

Qapan meydanında olan 1 qəssab dükanı.  Gündəlik gəliri: 6 (ağca).  İllik gəliri: 2.160 (ağca).

Xan (karvansara) yanında yerləşən 1 çörəkçi dükanı. Gündəlik gəliri:  6 (ağca). İllik gəliri:  2.160 (ağca).

Xan yanında yerləşən sükna (yəni gecələmək üçün yaşayış binası) və məhrab (kiçik məscid nəzərdə tutulur – Z. B., H. M.).  (Gəliri) gündə 2 (ağca).  İllik gəliri: 1.440 (ağca).  

Yekun:  7.200 (ağca).  Cəmi: 17.480 (ağca).

(Gəlirin) məsrəf üçün (ayrılan hissəsi):Edebiyyat ve incesenet 03 08 1984 Ziya Bünyadov

Təamiyyə (zaviyyəyə gələnlərə verilən yemək) üçün ayrılan məbləğ: gündə 15 (ağca).

Şeyx Babanın Hamilik (tövliyyət) işi üçün: gündə 5 (ağca ).

Nəzarət işləri üçün: gündə 3 (ağca).

Vəqf katibi üçün: gündə 1 (ağca).

Türbədə Quran oxunması üçün: gündə 1 (ağca)

Mövlana Məhəmmədin Gəncə camisindəki müdərrisliyi üçün verilən maaş: gündə 15 (ağca).

Fərraşlıq üçün maaş: gündə  1 (ağca).

Yekun: gündə  42 (ağca).

Sərdar (Fərhad paşa – Z. B. H. M.) tərəfindən əmr verilib, barat yazılmışdır.

(Yuxarıda göstərilənlər) vəqfin şərtinə əsasən (dəftərə) yazılmışdır”  

                                                                                

 Müəlliflər: Akademik  Ziya BÜNYADOV, Hüsaməddin MƏMMƏDOV

Azərbaycan SSR yazıçılar ittifaqının və  Azərbaycan SSR Mədəniyyət nazirliyinin orqanı

Ədəbiyyat və İncəsənət qəzeti. 03 avqust 1984-cü il.

Nizami Vəqfi haqqında yeni sənəd

Həmid Araslı

Keçən illərdə Nizami Lektoriyasında Məruzə etdiyim bir məclisdə Atatürk adına Ərzurum Universitetinin assistenti, filologiya elmləri doktoru Yavuz Akpınar da iştirak edirdi. O, mənə Nizaminin vəqfinə dair Türkiyə arxivlərində sənədlər olduğunu söyləyib xahişimlə yığıncaqda çıxış edərək həmin sənədin foto surətini mənə göndərəcəyini vəd etdi. Doğrudanda bu gənc alim sözünün üstündə durub Nizaminin vəqfinə aid sənədlərin foto surətini göndərdi. Bu qiymətli sənədlər dostum professor Abbas Zamanov vasitəsilə mənə çatdı. 

      Hər şeydən əvvəl qeyd etmək istəyirəm ki, Yavuz Akpınar Ərzurum Universitetində Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyir. O Azərbaycan ədəbiyyatı tarixinin çox gözəl bilən istər klassik istərsə də müasir ədəbiyyatımızı geniş şəkildə təbliğ edən istedadlı bir alimdir.  O xüsusən M.F. Axundovun yaradıcılığı ilə dərindən məşğul olmuş, Türkiyədə olan sənədlərdən istifadə edərək 1080-ci ildə M.F.Axundov haqqında samballı bir əsər yazıb doktorluq dissertasiyası müdafiə etmişdir. Onun klassik və müasir ədəbiyyatımızdan tərcümələri və ayrı-ayrı Azərbaycan yazıçıları  haqqındakı elmi əsərləri bu yorulmaq bilməyən gənc alimin ədəbi əlaqələr baxımından böyük əhəmiyyəti olan xidmətlərindəndir. Yavuz Akpınar Türkiyyədə nəşr olunan “Türk dili və ədəbiyyatı” ensiklopediyasındada çox fəal iştrak edərək müasir və klassik Azərbaycan yazıçıları ilə Türk yazıçılarını tanış etməkdədir. Hələlik dərc cildi çaptan çıxmış olan bu ensiklopediyada Azərbaycan yazıçıları haqqındakı məqalələrin o, yeganə müəllifidir.

      Orasınıda qeyd edim ki, bu işdə Azərbaycan alimi Abbas Zamanovun xidmətləri xüsusilə diqqətə layiqdir. Ədəbiyyatımızı xarici ölkələrdə təbliğ edən bu hörmətli dostumuz türk mütəxəssislərinə də yaxından kömək göstərir. Bildiyimə görə onun Ərzurum Universitetinə göndərdiyi Azərbaycan ədəbiyyatı, taqrixi və Azərbaycan dilinə dair əsərlə doktor-professor “Abbas Zamanov baxşişi kitabları” möhürü ilə möhürlənərək həmin universitetdə yaradılmış “Atatürk universiteti ədəbiyyat fakültəsi kitabxana” sında ayrıca saxlanılır. Universitet rəhbərləri bu əsərlər üçün gələcəkdə xüsusi kitabxana təşkil etmək fikrindədirlər.

    Bəhs etdiyimiz Nizami vəqfinə aid sənədlər Atatürk Universitetinin dosenti “Kitabi Dədə Qorqud”  və Kars tarixi və folkloruna dair bir sıra tarixi əsərlərin müəllifi olan Fəxrəddin Qırzıoğlu ilə 1957-ci ildə Ankarada Türk dil Qurumunun qurultayında tanış olmuşdum. O “Dədə Qorqud Oğuznamələri” adlı dəyərli kitabını mənə bağışlamışdı.

     F.Qırzıoğlu və Y. Akpınarlının verdiyi məlumatdan aydınlaşır ki, həmin sənədlər İstanbulda Baş nazirlik dövlət arxivində 11564 nömrədə qeydli Gəncə Qarabağ ərazi təhrir dəftəri 699 nömrəli 277-ci səhifədən götürülmüşdür.  1001-ci hicri ilində  (21 mart 1593-cü ildə)  yazılmış osmanlı vilayət təhrir dəftərlərindən alınmışdır.  Bu dəftərlər haqqında islam ensiklopediyasının V cilidində Gəncədən bəhs edilən 764 cü səhifədə belə məlumat verilir:  “1588-ci ildə Sərdar Fərhad paşa Şirvan v’lisi Cəfər paşanın qüvvələri ilə  birlikdə Qarabağ və Gəncəni aldı.  Gəncə ətrafında dairsəi 6.000 arşın uzunluğunda bir divar bina inşa etdirdi. Fərhad paşa Gəncəni mətin və müstəhkəm bir qala halına gətirib içinə ehtiyaca görə mühafizlər yerləşdirdi. 1001 (1593)- ci sənəsində tənzim edilmiş  olan Gəncə vilayətini və livalarının tumarlarını və ovqafını havi icmal dəftərlərində baş vəkalət arşivi topu sayı 619. Anlaşıldığına görə osmanlı hakimiyyəti dövründə Gəncə vilayəti yeddi livaya təqsim edilmişdir. 

     Bu sənədlərə əsasən Qırzıoğlu  1976-cı ildə “Osmanlının Qafqaz ellərini fəthi”  (1451-1490)   adlı doktorluq dissertasiyası yazmış və çap etdirmişdir.   O, Atatürk Uiversitetinin ədəbiyyat fakültəsi “Araşdırma” dərgisinin  X nömrəsində “1592 – 93  (hicri 1001)” Osmanlı vilayət və təhrir dəftərlərindən alınan Gəncə-Qarabağ sancaqları ulus və oymaqları”  adlı məqaləsini yazmışdır. Həmin məqalənin sonunda müəllif yazır:  “32-ci ilə tətümmə (288 c) – də” Şair Gəncəli Nizaminin ovqafı yazılmışdır.  İlə – həmduniyan, Pir Cəlil köyləri Quşqarada Qurtlu bağça nəhri məzrəəsi, Zazalı nəhrəsində çəltik taxtası zəmini, Mişk nəhrində Bustan zəmini, Dinaq Rəşnəb nəhrində 20 tağarlıq çəltik zəmini, Gəncə qalasında  iki nalbənd, bir qəssab və bir əkməkçi dükanın gəlirləri və bunların “bər mücibi şərte vəqf” adları bəlirtilən vəzifəliyə dağıtmı yazılmışdır.    

     Müəllif ilk dəfə ümumi şəkildə bəhs edir ki, bu vəqf siyahısı səyaqətlə yazılmışdır. Odur ki, onları izah etmək vəqf ilə əlaqədar terminləri aydınlaşdırmaq o qədərdə asan deyildir. Məhs buna görə biz gələcəkdə bu sənədi daha da dəqiqləşdirməliyik. Osmanlı vilayət təhrir dəftərindən alınmış fotodan aydın olur ki,  Akpınarlının məktubda verdiyi məlumat bu sənədin ancaq bir hissəsini əhatə edir. Eyni zamanda kənd adlarını da dəqiqləşdirməyə ehtiyac vardır.  Məlum olur ki, Azərbaycanın şimal hissəsində 1593-cü ildə Türkiyənin hakimiyyəti altında olan şəhərlərdəki əhali kimi vəqflərdə siyahıya alınmışdır. Bu illərdə Gəncə şəhəri hələ köhnə yerində idi. Fotodaki ikinci yazıdan aydın olur ki, Nizami  məqbərəsindən başqa Gəncə şəhərində İmamzadənində (Göyimamın) – vəqfləri var. Nizami məqbərəsi qala hasarından kənarda, İmamzadə qalanın içərisində yerləşmişdir.  

    Nizami Vəqfinin gəliri o qədər çox imiş ki, o kasıblara yemək vermək, xidmətçilərə maaş və vəqfə lazım olan başqa  xərcləri ödəməkdən əlavə, hətta, Gəncə şəhərində olan (böyük məscid ) Came yanında fəaliyyət göstərən mədrəsə müdərrisini də maaşla təmin edirmiş. 

     Akpınarlının məktubunda belə bir məlumat var:  “Zəviyə təkyə deməkdir. Daha çox qapalı bir türbə yanında gələnə-gedənə aş vermək, gələnlərin hər türlü ehtiyaclarının qarşılandığı bir yerdir. Yolçular buralarda hansı millətdən hansı dindən olursa olsun üç gün qala bilərlər, yeyər içərlər, kəndilərindən və binək heyvanlarından  hər hansı bir ücrət alınmazdı. Gedəcəkləri zamanda sorulur, ehtiyacları varsa zəviyədə məsrəf qarşılanmaq üzrə, bu ehtiyac təmin edilirdi. Dövlət buralardan vergi almazdı. Buralar xalqın bəxşişi və vəqflərin gəliri ilə yaşayardı. Bu üsul Səlcuklulardan bəri davam etməkdə idi. Cümhuriyyətin elanına qədər zəviyələr yaşamışdır.  ”

  Yeri gəlmişkən bunuda qeyd etmək istəyirəm ki, mən 1971- ci ildə İraqda olduğum zaman Bağdadda Abdulqadir Gilaninin türbəsinə gedib, oranın mütəvəllisi ilə şəxsən görüşüb söhbət etdim.  Məlum oldu ki, Abdulqadir Gilanini təkyəsində təkyənin hesabına tələbələr dərs oxuyur (sayı yadımda deyil),  onların yemək içməkləri, yataq və təqaüdləri, müdərrislərin və xidmətçilərin maaşı təkyədən ödənilir. Təkyə hesabına hər gün şəhər yoxullarından üç yüz nəfərə yemək verilir.   

    Hörmətli Akpınarlı bizim adlarını dəqiqləşdirdiyimiz aşağıdaki kəndlərdən bəhs edir:   “Həmdünyan kəndi malikanəsi  –  Gəlirinin yarısı 3.500 ağca, Pircəlil kəndi malikanəsinin gəliri 2.000 ağca,  Quşqara çayı ətrafında olan Qurtlu bağça adlı əkin yerindən 1.000,  Zazalı çayı kənarından çəltik yerinin gəlirinin yarısı 100 ağca, Gəncəbasar tabe biçənək yerindən 170 ağca, iyirmi tağarlıx əkin yerindən 1.600 ağca imiş”.  Bunlardan başqa biz Gəncə qalasından olan iki nalbənd, bir qəssab və bir çörəkçi dükanından, həm də karvansaraydan da vəqfə gəlir gəldiyini müəyyənləşdirdik.  Bunların hamısı o zaman üçün çox böyük məbləğ olan 12.000 ağcadan artıq imiş.

     Görünür ki, Akpınarlının da qeyd etdiyi kimi şairin o zaman varisi qalmadığından vəqfi mütəvəlli idarə edirmiş: Biz müəyyənləşdirdik ki, mütəvəllinin adı Şeyx Baba imiş. Bu gəlirdən ona xüsusi maaş ayrılıbmış. Qalanı isə aşağıda adlarını çəkdiyimiz yerlərə xüsusi nəzarət altında sərf olunurmuş.

Becəhəti təam – yəni gələnlərə verilən yeməyə 52 som, toliyəti zaviyeyi Şeyx Baba – məqbərənin mütəvəllisi Şeyx Babaya 20 som,  becəhəti nəzarət  –  nazir baxıçı üçün 30 som, vəqfin katibinə 10 som, türbədə quran oxuyanlara 1 som , becəhəti vəzifeyi Mövlanə Məhəmməd əl-müdərris dər cameye Gəncə 52 som, becəhəti vəzifeyi fərraş 1 som – fərraş vəzifəsi üçün 1 som, cəmi 840 som. Görünür bu aylıq xərcdir, illik məxaric isə 10.080 ağca edirmiş.

     Biz indiyə qədər Nizamiyə Qızıl Arslan tərəfindən 1187-ci ildə Həmdünya adlı kənd bağışlandığını bilirdik. Lakin bu siyahıda həmin kəndin gəlirinin yarısının Şairin məqbərəsinə verildiyi qeyd olunub.  Nizaminin “Xosrov və Şirin” əsərindən aydındır ki Atabəy Qızıl Arslan (1186-1191) kəndin bütün gəlirini nəsilbənəsil Nizamiyə və onun varislərinə verilməsi haqqında xüsusi fərman vermişdir.   Bu kəndin o zamanki vəziyyəti haqqında “Xosrov və Şirin”  də verilən məlumat ikitərəflidir. Nizamiyə belə böyük bir hədiyyə verildiyini görən dargöz adamlardan biri ona deyir ki:

Ey haqqını dünya tanımayan Nizami

Nə üçün bu qədər təşəkkür edirsən ?

Göylər ayağından öpən bir gəlinə

Xaraba bir kənd cehiz verirlər.

Bir kənd oda nə kənd   – darısqal bir kürə –

Eninə uzununa yarım ağacda olmaz;

Gəliri yoxdur, kisə boşaldan xərci var,

Yazısını Abxaz mülkü yarılığa götürür.

(sətri tərcümə)

 

Buradan aydın olur ki, kənd o qədərdə məhsuldar və gəlirli deyilmiş. Lakin Nizami həmin kənddən bəhs edərkən belə təsvir edir:

O kənddə öküz və əkin görünürsə, –

Mənim hər sözümdə bir behişt taparsan,

Əgər onun dən dolu sünbülü varsa, –

Mən sünbül-sünbül dur dənəsi gətirərəm.

Əgər onun meşəsi sıxdırsa, –

Mənim sözümdə də dirilik suyu feyzi var,

Əgər ona xarabalıq üz verirsə,

Şahın bəxti xarabalıqları abad edəndir.

Lakin o behişt əsaslıya görə hər saat allaha şükür edirəm

Mənim şükürüm mala görə deyil,

Ona görədir ki, bu halal muzdumdur.

Bir xarvar sədəfdən bir dur yaxşıdır.

Saf bulaq suyu kür seldən üstündür.

     Bu sətirlər isə Həmdünyan kəndinin paxılın dediyi kimi xaraba olmayıb bol əkini, dən dolu sünbülləri, sıx meşəsi, Fərat kimi feyz verən suyu olan behişt kimi bir yer olduğunu müəyyənləşdirir.  Doğrudan da hələ XVI əsrdə bu kəndin gəlirinin yarısı o zaman üçün çox böyük pul olan 3.500 ağca imiş. Bu həmin əsr idi ki Sultan Suleyman dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə ayda 9 ağca təqaüd təyin etmişdi. Füzuli isə onu da ala bilməmişdi. Belə bir yalnış fikir vardır ki, guya Nizaminin məqbərəsi XIX əsrə kimi xaraba qalmışdır. Halbuki Nizami vəqfi haqqında yuxarıda verilən məlumatdan aydın olur ki, şairin məqbərəsi İmamzadə məqbərəsi kimi, bəlkə ondan da abad və daha çox maddi imkana malik olmuşdur. İmamzadə qala daxilində Nizami məqbərəsi qala hasarından xaricdə imiş, hətta Şah Abbas 1606 – cı ildə Gəncəni mühasirə etdiyi zaman məqbərə ətrafında çadırlar qurdurmuş və novruz bayramını da burada qarşılamışdır.

    Vəqfdən gələn mədaxil, yoxsulların, mütəvəllinin, nazirin, quran oxuyanın, katibin, fərraşın, həmdə bu vəqfdən təmin olunan şəhər came müdərrisinin maaşına sərf olunurmuş. Buda aydındır ki, müasir dillə desək bu ştat tək bir türbəyə qəbrə kümbəzə sığmazdı. Əvvəla, təam üçün xüsusi aşbazxana-mətbəx, mütəvəlli, katib, nazir üçün ayrıca otaqlar olmalı idi. Təxmin etmək olur ki,  Nizami  türbəsi kompleksi bir neçə otaqdan ibarət imiş. Bunu Bakıxanovun “Gülüstani-İrəm” əsərindəm məlumatda təsdiq edir.  Doğrudur Bakıxanov Nizami türbəsi kompleksinin ətraflı təsvirini verməmişdir.  Lakin o, Nizamidən söhbət edərkən yazır ki: “Onun dağılmış olan çox gözəl və zəngin türbəsi Gəncə yaxınlığında bu gün də durur”

   Təxmin etmək olur ki Nizami öldükdən sonra qəbri ziyarətgaha çevrilmiş, onun öz kəndinin gəlirindən başqa  məlum olmayan hökmdarlar və ya bivaris olan varlı adamlar tərəfindən bu məqbərəyə vəqflər edilmişdir.   XVI əsrdə bu məqbərə çox gəlirli vəqfi olan, gəlib gedənlərə və yoxsullara hər gün yemək verən, müdərrisləri təmin edən bir xeyriyyə ocağı olmuşdur. Bu da məlumdur ki, Gəncə şəhəri 1606-cı ildə Şah Abbas tərəfindən fəth edilmiş. 1607-ci ildə isə öz köhnə yerindən yeddi kilometr aralı, indiki yerinə köçürülmüşdür. 

      Çox ehtimal ki Gəncə şəhəri Şah Abbas tərəfindən indiki yerinə köçürüldükdən sonra İmamzadənin vəqfi saxlanılmış, lakin Nizami məqbərəsi vəqfinin gəlirləri get-gedə azaldılmışdır. Xanlıqlar dövründə tamamən kəsilmişdir. Çünki XIX  əsrin əvvəllərində burada gedən İran – Rus müharibəsindən sonra çox əzəmətli olan bu məqbərə təmir edilməli olmuşdur.   Bakıxanov XIX  əsrin 40-cı illərində yazdığı “Gülüstani-İrəm”  adlı tarixi əsərində Nizamidən söhbət edərkən yazır ki, onun dağılmış olan çox gözəl zəngin türbəsi Gəncənin yaxınlığında bu gündə durur.  1826-cı ildə məşhur Gəncə müharibəsi bu məqbərənin yaxınlığında olmuşdur. Mirzə Adıgözəl Qarabaği indi bu məqbərəni bərpa etməkdədir.  “Barçahiali əsas ki, bər mədfənəş dər qurbi” Gəncə mövcud və ru bevirani  nəhade bud, hala Mirza Adıgözəl Qəzzaqi əsl Qərabağn əl məskən be təkdid bəzi öz emarati an mipərdazəd”.   (“Böyük bir bərigah Gəncə yaxınlığında dəfn olunub və hazırda durur, xaraba qalmaq üzrədir, əsli qazaxlı olan Mirzə Aadıgözəl Qarabağlı bi imarətlərdən bəzisini təmir eləyir”).

    Göründüyü kimi Nizami məqbərəsi vəqfi get-gedə azalaraq o vəziyyətə gəlmişdir ki, öz gəliri ilə öz binalarını təmir etmək iqtidarında belə olmamışdır.  Nizami məqbərəsinin bu dövrdə xaraba qalması böyük Azərbaycan şairi Seyid Əzim tərəfindən də qələmə alınmışdır. 

Ey Nizami, ey Nizami dağılan,

Ey Gəncədə izzü ehtişamı dağılan,

Ölmüşmü sən ilə mən kimi aləmdə, –

Beyti, evi, məktəbi, kəlami dağılan ?

     Bütün bu dediklərimizdən aydındır ki, məqbərə təkcə bir günbəzdən ibarət deyil, geniş bir ərazini əhatə edirmiş.   Bu sənədlər aydınlaşdırır ki, XVI əsrdə Nizami türbəsi o zaman mədəni-maarifin inkişafını maddi cəhətdən təmin edən böyük müəssisələrdən biri olmuşdur.

Xalqın Nizamiyə olan ehtiramı əsrlər boyu davam etmiş, qədim Gəncə dağılıb yeni yerinə keçirildikdən sonra isə şəhərdən uzaq düşən məqbərə öz keçmiş rövnəqini itirməyə başlamışdır. Xüsusən 1828-ci ildə Şıx Nizami düzündə aparılan müharibə zamanı məqbərə çox zərər çəkmişdir.  Həmin illərdə qəbri görmüş olan Fərhad Mirzə Mötəmüddövlə özünün  “Hidayətüssəbil” adlanan səfərnaməsində belə yazır:  “Dər beyke rah künbədi kuçeki bud ki, xərab şode qəbri Nizamist ke ta Gəncə həft verst əst. Piyade şodəm besare qəbre u rəftəm, Qarovulxaneyi ge, dər in nəzdikist qəravorha an qədər gah bəraye əsbake xod dər on künbəd rixte budənd ge, momken kə bud miyane konbəd beravəm ”  (“Yolun yarısında kiçik bir künbəd var ki,  xaraba qalmış Nizami qəbridir: Gəncənin yeddi versliyindədir, Piyada olub qəbrə tərəf getdim, yaxındakı qarovullar atları üçün qəbrə qədər saman doldurmuşdular ki, yaxına getməyim mümkün olmadı”)
Aydın olur ki, 1875-ci ildə bu böyük sənətkarın qəbri artıq xarabaya çevrilmək üzrə imiş.

       Dediklərimizi yekunlaşdırdıqda Türkiyyənin baş vəkalət arxivində saxlanılan Gəncə vilayətinin timar və ovqafi siyahısı olan icmal dəftəri təkcə Nizami məqbərəsini deyil, ümumiyyətlə XVI əsrin sonlarında ölkənin tarixini, xüsusən iqtisadi vəziyyətini dərindən öyrənmək üçün çox qiymətli sənədlərdir. Odur ki, Azərbaycan Elmlər Akademiyasının Respublika Əlyazmalar Fondu bu sənədlərin foto surətini gətirmək üçün tədbirlər görmüşdür. 

      Həmin illərdə Osmanlı hökuməti Gürcüstanda da əhalini və onun varidatını siyahıya almışdır ki, Türkiyə arxivlərində “Dəftəri-müfəssəli-vilayəti Gürcüstan” adı altında saxlanılır. Bu dəftərləri gürcü alimləri gürcü dilinə çevirərək izahat və mətnləri ilə birlikdə 1941  və 1947-ci illərdə çap edib elm aləminə tanıtmışlar.   

Müəllif:  Akademik Həmid ARASLI  

Ədəbiyyat və incəsənət qəzeti    

25 fevral 1983

Kitablar

Jurnallar

Shopping Basket