Nizami Ganjavi Foundation

Varlık 19
yuvarlak
banner 1

Nizami Gəncəvi

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi bəşər mədəniyyətinin yetirdiyi nadir şəxsiyyətlərdəndir. Söz dünyasının günəşi, hələ sağlığında ikən əsərləri möcüzə sayılan Nizami özündən əvvəlkilərlə müqayisədə şeri elə bir əlçatmaz yüksəkliyə qaldırmışdır ki, sonradan gələn sənətkarlar artıq ondan yüksəkliyə qalxmaq xülyasına düşməmiş, onun yolu ilə getməyi, ona bənzəməyi, onun şagirdi olmağı özləri üçün fəxarət saymışlar. Nizami mövzularında əsərlər yazmaq, ondan mənalar iqtibas etmək artıq bir ənənəyə çevrilmişdir.

Nizami Gəncəvi 1141-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Şairin əsərlərindən anlaşılan budur ki, o, təhsilini də öz doğma şəhərində almışdır. Bu dövrdə Gəncə şəhərində təhsil almaq üçün kifayət qədər geniş imkanlar var idi. Şair “Xəmsə”də adının İlyas, atasının adının Yusif, babasının adının Zəki Müəyyəd olduğunu göstərmişdir. Alimlər onun babasının adındakı iki sözdən birinin ləqəb olduğunu düşünürlər ki, bu da şairin mövqe, hörmət sahibi olduğunu düşünməyə əsas verir. Şair əsərlərində ancaq Nizami təxəllüsünü işlətmişdir. Bu söz nizamlı, ölçülü sözə, nəzmə, başqa ifadə ilə desək, şerə mənsub olan adam deməkdir. 

Nizami daysının adını Xacə Ömər kimi xatırlayır, onun ölümünü özü üçün böyük itki sayır, “Leyli və Məcnun” poemasındakı Səlim Amiri surəti ilə dayısına olan məhəbbətini əks etdirir. Xacə – Ağa mənasında işlənən bu söz daha çox vəzirlərin, tacirbaşı və başqa yüksək rütbə, mövqe sahiblərinin adının əvvəlinə artırılırdı. Bizə görə bu adam yüksək rütbəli bir ziyalı, bəlkə Gəncədə mədrəsə müdiri və ya buna bənzər vəzifə sahibi olmuşdur. 

Nizaminin doğulduğu, ömrü boyu yaşadığı və vəfat etdiyi yer Azərbaycanın qədim şəhərlərindən biri olan Gəncə şəhəridir. Bütün qədim və etibarlı mənbələr də onun Gəncədən olduğunu yazır. Nizami əsərlərinin XIV-XV əsrlərə aid əlyazmalarında şairin Gəncəyə gəlmə olduğu barədə heç bir qeyd yoxdur. Ancaq Nizami əsərlərinin XVI əsrdə və sonralar köçürülmüş nüsxələrində “İqbalnamə”nin bir yerində şair Gəncədən danışan zaman fikir yarımçıq kəsilərək aşağıdakı dörd misra artırılmışdır:

Gəncə dənizində olsam da pünhan,

Yerim Qum şəhridir, yurdum Qohestan.

Təfrişdə Ta adlı bir kənd dayanıb,

Nizami ad-sanı ordan qazanıb!

Burada söhbət İranın Qum vilayətindən, oradakı Təfriş adlı elinin Ta adlı kəndindən gedir. Qohestan Qum vilayətinin şərqində böyük bir ərazinin tarixi – coğrafi adıdır. Nizami irsinin ən gözəl bilicilərindən biri kimi tanınan və şairin əsərlərinin yeddi cilddə şərhlərlə birlikdə nəşr edən Vəhid Dəstgerdi yuxarıdakı misraları yersiz bir artırma sayır. V. Dəstgerdi Nizaminin Əcəm İraqından olduğunu iddia etsə də, yuxarıdakı misralarda irəli sürülən fikri qəbul etmir. Dəstgerdinin Nizamini iraqlı hesab etməsi şairin tez-tez İraqı tərifləməsi, ora getməyi arzu etməsinə əsaslanır. Halbuki, Xaqani də dönə-dönə İraqı vəsf etmiş, ora getmək arzusunu bildirmişdir, ancaq onun şirvanlı olduğu məlumdur. 

Nizami İraqa getmək arzusunu bildirərkən müxtəlif şəkillərdə Gəncəni öz vətəni, öz ölkəsi kimi qeyd etməyi unutmur. “Ləl öz mədənindən çıxmayınca ona qiymət verilməz” deyən şair köklü, əsilli bir gəncəli olduğunu bir daha nəzərə çarpdırır. Təəssüflər olsun ki, XVI əsrdən sonra yazılan bir çox təzkirələrdə Nizaminin babasının, yaxud atasının İranın Qum şəhərinin Təfriş elinin Ta kəndindən olduğu barədə və bu kimi fikirlər yürüdülmüşdür. 

Nizami yaradıcılığa çox erkən başlamış, ilk çağlardan sarayların diqqətini cəlb etmişdir. Dərbənd hakimi Bəybars ibn Müzəffərə göndərdiyi hər şeirə görə qiymətli hədiyyələrə layiq görülmüş, ərməğan olan Afaq adlı qadınla evlənmiş və ondan da 1174-cü ildə Məhəmməd adlı bir oğlu olmuşdur. “Xosrov və Şirin” poeması yazılarkən bu qadın artıq həyatda yox idi. Sonralar şair daha iki dəfə evlənsə də, Afaqı ömrü boyu böyük sevgi ilə xatırlamış, taleyinin uğursuzluğundan gileylənmişdir. 

Nizami 1209-cu il martın 12-də doğma şəhəri Gəncədə vəfat etmişdir. İndi onun məzarı üzərində möhtəşəm bir məqbərə ucalmaqdadır. Dahi şair və mütəfəkkirin adı doğma vətəni Azərbaycanda əbədiləşdirilmiş, əsərləri dəfələrlə kütləvi tirajla nəşr olunmuşdur. 

Dahi şairin yubileyləri beynəlxalq səviyyədə qeyd edilmişdir. Belə ki, N.Gəncəvinin anadan olmasının 800 və 840 illik yubileyləri keçirilmiş, 850 illik yubileyi münasibətilə 1991-ci il UNESCO tərəfindən “Nizami ili” elan edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə dahi mütəfəkkirin anadan olmasının 880 illik yubileyi münasibətilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilmişdir. 

Mənbə: Nizami Gəncəvi., Sirlər Xəzinəsi., “Lider Nəşriyyatı”., Bakı., 2004., səh.4-6.

Ön sözün müəllifi və elmi redaktor: Xəlil Yusifli

Nizami ”Divan”ından Qalan İnciler

Yaxın və Orta Şərq ədəbiyyatının ən böyük ustadlarından biri sayılan Nizami Gəncəvi lirik şerin də gözəl nümunələrini yaratmışdır. Şair ömrü boyu lirik şeir yazmaqda davam etmişdir. Otuz yaşlarında yazdığı “Coşdu qumrovlar, yola qalxıb düzəldi karvan” qəsidəsi 1191-ci ildən sonra Nüsrətəddinə həsr etdiyi mədhiyyə, ömürünün sonlarında yazdığı “Qocalıq” şeri, Qızıl Arslanın və Əxsitanın adı çəkilən qəzəllər, poemalardakı ayrı-ayrı işarələr bu mülahizəni bir daha təsdiq edir. “Xosrov və Şirin”in sonunda xanəndələrin Nizami qəzəllərini oxuduğunu yazan şair “Leyli və Məcnun”da artıq Nizami “Divan”ını qarşısına qoyduğunu yazır. XIII əsr təzkirəçisi Dövlətşah Səmərqəndi Nizaminin lirik seirlər divanının 20 min beytə yaxın olduğunu qeyd etmişdir. XIV əsrin görkəmli alimi Zəkəriyyə Qəzvini də şairin “Xəmsə”dən əlavə yaxşı bir “Divan”ı olduğunu göstərmişdir. Bu divan XVII əsrdə Səfəvilərin dövlət kitabxanasında olmuş və Saib Təbrizi oradan bir çox şeirləri özünün “Səfinəyi-Saib” əsərinə köçürmüşdür.

Nizaminin lirik irsindən hazırda 6 qəsidə, 120 qəzəl, 30 rübai məlumdur. Əlbəttə, Nizaminin adına yazılan bir çox şeirlərin ona aid olması şübhə doğurur. Böyük söz ustasının lirik əsərləri haqqında istər müxtəlif ədəbiyyat tarixlərində, istərsə də ayrı-ayrı monoqrafiyalarda müəyyən mülahizələr irəli sürülmüşdür. Ən ciddi tədqiqatçılar şairin lirikasını onun epik əsərlərindən ayırmır, şeirlərinin məzmun və sənətkarlıq baxımından poemalarından geri qalmadığını yazırlar. 

Nizaminin əldə olan lirik irsi klassik Şərq şerinin üç əsas janrını – qəsidə, qəzəl, rübai janrlarını əhatə edir. Dahi sənətkarın lirikasının çox az bir hissəsi olan həmin nümunələr onun bu sahədəki fəaliyyətini səciyyələndirməyə, lirik şeirlərinin əsas motivləri, ideya istiqaməti, sənətkarlığı haqqında danışmağa, müəyyən nəticələr çıxarmağa kifayət qədər imkan verir.

Nizaminin lirikasının sufizmə yad olduğunu söyləmək də səhv olardı. Doğrudur, Nizami heç də Sənai, Əttar, Rumi, İraqi sayaq sufi sənətkar deyil. Bununla belə, onu öz dövrünün müxalifət hərəkatından təcrid etmək də yanlışdır. Sufizm Orta əsrlər Yaxın Şərq intibahının ayrılmaz xüsusiyyətlərindəndir, insanın şəxsiyyətini ucaldan, müdafiə edən fikir cərəyanıdır. Ağıl və hissin ehkamçılığa, hakim ideologiyaya üsyanıdır. Məhz buna görə hakim təbəqələr sufizmlə bağlı olan bir sıra böyük şəxsiyyətləri tikə-tikə etmiş, bəzilərinin diri-diri dərisini soydurmuş. Həllac Mənsur, Eynəlqüzzat, Sührəverdi, Nəsimi buna misal ola bilər. Belə olan surətdə dövrünün böyük mütəfəkkir şairi Nizami sufizmə biganə qala bilərdimi? Nizami də ehkamçılığa, sxolastikaya qarşı çıxmaq, azadfikirliliyi təbliğ etmək üçün əlbəttə, sufizmdən, onun anlayışlarından istifadə etmişdir. 

Mənbə: Nizami Gəncəvi., Lirika., “Lider Nəşriyyatı”., Bakı., 2004., səh.4,9

Ön sözün müəllifi və elmi redaktor: Xəlil Yusifli

Shopping Basket