Varlık 19
yuvarlak
Leyli və Məcnun

TARİX 1188

LEYLİ VƏ MƏCNUN

Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi dünya ədəbiyyatının nadir ədəbi simalarından biridir. “Sirlər xəzinəsi”, “Xosrov və Şirin” poemalarından sonra Leyli və Məcnun mövzusunda əsər yazan şair bu mövzudan istifadə edərək, insan və zaman, təbiət və cəmiyyət hadisələri ətrafında rəngarəng düşüncələrini əks etdirmişdir. Belə bir mövzuda əsər yazmağı ondan Şivan şahı Axsitan xahiş etsə də, Nizami heç də ancaq dövrün şahlarını tərif edəcək əsər yaratmamış, daha çox öz narahat düşüncələrini qələmə almışdır.

Nizami Gəncəvi 1188-ci ildə dörd ay müddətində yazıb başa çatdırdığı “Leyli və Məcnun” poemasını işləyərkən bu mövzu ətrafında ciddi axtarışlar aparmış, mənbələrlə tanış olmuşdur. Nizaminin bu mövzunu işləyərkən yerli folklor mənbələrdən başqa, yazılı qaynaqlardan da geniş istifadə etməsi əsər boyu özünü aydın hiss etdirir. Poemanı ərəb mənbələri ilə müqayisə etdikdə görürük ki, Nizami Leyli və Məcnun haqqındakı xırda və pərakəndə, quru və bədii cəhətdən sönük olan müxtəlif rəvayətləri böyük ustalıqla birləşdirmişdir. 

Məlum olduğu kimi “Leyli və Məcnun” poeması qəm-kədərlə dolu əfsanədir. Əsərin əsasında qədim ərəb əfsanəsi — “Məcnun” adı verilmiş Qeys adlı gəncin, gözəl Leyliyə nakam məhhəbəti dayanır. Nizami Məcnundakı insanlığın, idrakın, sevginin nə qədər güclü, fədəkar, təmənnasız olduğunu, onun idrak yolundakı əngəlləri necə qətiyyət və cəsarətlə qaldırıb kənara atdığını öz ecazkar sənətinin əlvan boyalarıyla açıb göstərir.

Orta əsrlər şəraitində qadınların oyanması, insanlığını dərk etməsi və faciəsi Leyli surətində əks etdirilmişdir. Məcnun kimi sevən, yanan, duyan, onun kimi şəhid olan Leyli Məcnunun qadın tayıdır. Leylinin də faciəsi köhnəliyin öz yerini yeniliyə könüllü vermək istəməməsi üzündən, onun yeniliyə qarşı qəddar və amansız olmasından yaranır.

Nizami bu poemada yaratdığı surətlər, təsvir və təhlil etdiyi hadisələr, mətləblər vasitəsilə dövrünün zəngin mənəviyyatlı insan obrazını, fikir, düşüncə və əxlaq mənzərəsini yaratmışdır. Şairin əvvəlki əsərləri kimi bu poema da həyatın özündən gələn zəngin fikir xəzinəsidir.

Mənbə: Nizami Gəncəvi., Leyli və Məcnun., “Lider Nəşriyyatı”., Bakı., 2004., səh.4,5,6,10,11.

Ön sözün müəllifi və elmi redaktor: Xəlil Yusifli 

Shopping Basket