Varlık 19
yuvarlak
sirler-xezinesi-optimized

TARİX 1174 - 1175

SİRLƏR XƏZİNƏSİ

Nizaminin ilk iri həcmli əsəri “Sirlər xəzinəsi” poemasıdır. Yaxın və orta Şərq ədəbiyyatında didaktik poema janrının ən qiymətli nümunsəi olan bu əsər dahi şairin yaradıcılığında epik şeir sahəsində ilk qələm təcrübəsidir. Əsər hicri təqvimi 570-ci ildə yazılmışdır ki, miladi təqvimilə 1174-1175-ci illərə uyğun gəlir. Nizami şairlik sənətinin bu misilsiz şah əsərini Kiçik Asiyadakı (indiki Türkiyə ərazisi) Ərzincan əyalətinin hökmdarı Bəhram şaha (1166–1225) həsr etmişdir.

“Sirlər xəzinəsi” adından da göründüyü kimi, zahirən Nizamiyə qədər Yaxın və Orta Şərq ədəbiyyatında geniş yayılan didaktik əsərlər silsiləsinə daxildir. Mövzu və məqsəd baxımından “Kəlilə və Dimnə”, “Qutadqu bilik”, “Hədiqətül-həqiqə”, “Siyasətnamə”, “Qabusnamə”, “Cəhar məqalə” və bu kimi əsərlərə yaxın olan “Sirlər Xəzinəsi” həm də onlardan fərqlənir. Dahi şair sanki özünəqədərki didaktik ədəbiyyatı yekunlaşdırıb ona daha yüksək humanist, demokratik istiqamət vermişdir.

Sənai Qəznəvi artıq XII əsrin əvvəllərində “Hədiqətül-həqiqə” (“Həqiqət bağçası”) poeması ilə didaktik poema janrını yeni bir yüksəkliyə qaldırmışdı. “Hədiqətül-həqiqə”dən əlavə bir sıra kiçik poema, çoxlu qəsidə, qəzəl və rübailər müəllifi olan Sənainin yaradıcılığı farsdilli poeziyada humanist fikirlərin təsdiqi baxımından xüsusi mərhələ təşkil edir. XII əsrin bir çox şairləri, o cümlədən Əbdül-Üla Gəncəvi, Xaqani Şirvani humanist poeziya sahəsində onun varisi olmağı ilə fəxr etmişlər. 

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin də öz ilk poemasını Sənai Qəznəvinin “Hədiqətül-həqiqə” əsərinə nəzirə kimi yazması təsadüfi deyildir. Bu, Nizaminin özündən əvvəlki humanist şeirin nailiyyətləri ilə hesablaşması, ona biganə qalmaması ilə izah edilməlidir. Şair sələfinin əsərinin adına uyğun ad seçməklə bərabər, onun bəzi fikirlərinə də şərik olduğunu bildirmiş, hətta bir çox hekayələrini onun hekayələri ilə mübahisə şəklində yazmışdır. “Sultan Mahmud və qarı” hekayəsi ilə “Sultan Səncər və qarı” hekayələri dediklərimizə misal ola bilər.

“Sirlər xəzinəsi”ni, sözün həqiqi mənasında, Nizaminin yaradıcılıq manifesti adlandırmaq olar. Poema müxtəlif məsələlərə həsr edilmiş müqəddimə, 20 məqalət (söhbət) və bu məqalətləri epik lövhələrə əks etdirən 20 kiçik hekayədən ibarətdir. Kitabın tamamlanması haqqında kiçik bəhslə poemaya yekun vurulur. Başlanğıcda şair tövhid, minacat, nət adlı başlıqlar altında Allahdan, peyğəmbərdən söhbət açır, islam dini ehkamları çərçivəsində onları tərifləyir. Zamanın tələbinə uyğun hərəkət edən şair bu bəhslərin özündə belə ənənəvi dini ifadələrlə olsa da, çox ciddi ictimai problemlərə toxunur.

“Sirlər xəzinəsi” zəngin və mürəkkəb məzmunlu, yüksək sənətkarlıqla yazılmış bir əsərdir. Azərbaycan İntibahının qiymətli bir abidəsi kimi bu əsərin əhəmiyyəti ondadır ki, insanlığın nurlu sabahına, sadə adamlara məhəbbətlə doludur.

Mənbə: Nizami Gəncəvi., Sirlər Xəzinəsi., “Lider Nəşriyyatı”., Bakı., 2004., səh.6,7,8,20.

Ön sözün müəllifi və elmi redaktor: filologiya elmləri doktoru, professor Xəlil Yusifli

Shopping Basket