Varlık 19
yuvarlak
Xosrov və Şirin

TARİX 1180

XOSROV VƏ ŞİRİN

Nizami Gəncəvi Yaxın Şərq xalqları mədəniyyətinin inkişafı tarixində müstəsna rolu olan dahi sənətkardır. Şair 1180-ci ildə tamamladığı “Xosrov və Şirin” poemasında insan eşqinin qüdrət və əzəmətini göstərmiş, məhəbbətin dərin ictimai mənasını şərh etmişdir. Poemanın Azərbaycan xalqının tarixi ilə səsləşən maraqlı məzmunu vardır. Azərbaycan ədəbiyyatı tarixində ilk mənzum roman olan bu əsər Sasani hökmdarlarından Xosrov Pərvizlə Bərdə hakiminin vəliəhdi gözəl Şirin arasındakı məhəbbət haqqındadır. 

Nizami bu mövzunu ilk dəfə yazılı ədəbiyyata gətirən Firdovsini xatırlayır, sələfindən fərqləndiyini, qədim tarixlə bağlı olan bu məşhur mövzunu tamamilə yeni bir tərzdə işlədiyini bildirir.

Doğrudan da, Firdovsi “Şahnamə”də bu mövzuya həsr etdiyi bəhsdə əsasən Xosrovun şahlıq dövründən geniş danışmış, onun cah-calalını, apardığı müharibələri və s. özünəməxsus şahnaməçilik üslubunda canlandırıb onun Şirinlə evlənməsini təsvir etmişdir. Firdovsi öz qəhrəmanının daxili aləmi, onların təbii hiss, həyati meyl və duyğularını, mənəvi təkamül yolunu işıqlandırmağı əsas məqsəd götürməmiş, Fərhadın adını belə çəkməmiş, Şirini isə Məryəmin qatili kimi qələmə almışdır. Nizami isə məhəbbəti əsas götürərək, təmiz eşqin saflaşdırıcı təsirindən danışmış, onun insan taleyində oynadığı mühüm rolu aydınlaşdırmış, bir sıra canlı, dərin psixoloji surətlər yaradaraq insanın mənəvi təkmilləşmə prosesini göstərmişdir. O, tarixi əsası olan rəvayətləri də yaradıcılıq məqsədinə uyğun hala salaraq şair təxəyyülünün məhsulu olan əlavələrlə zənginləşdirmiş, xalq ədəbiyyatı və Firdovsi əsərindən fərqlənən orijinal sənət nümunəsi yaratmışdır. 

Qeyd edildiyi kimi, şair əsərini əsasən məhəbbət üzərində qurmuşdur. Dünya ədəbiyyatının məhəbbət mövzusunda yazılmış əsərləri içərisində müstəsnə yer tutan bu dastanda şair yeri gəldikcə dövrünün aktual məsələlərinə toxunmuş, ədalətli hökmdar, dövlətin idarəsi, rəiyyətə qayğı kimi ictimai-siyasi əhəmiyyətli fikirlər söyləmişdir. Şairi bütün yaradıcılığı boyu düşündürən ədalətli şah arzusu bu poemada da aydın şəkildə öz əksini tapmışdır. 

Şirin dahi Nizami tərəfindən son dərəcə məharətlə, hərtərəfli işlənmiş, dünya ədəbiyyatı tarixində xüsusi yeri olan bir obrazdır. Belə yüksək, ağıllı və hərtərəfli müsbət təsvir edilən qadın obrazlarına Qərbi Avropada sonrakı əsrlərdə Şekspirin yaradıcılığında rast gəlirik. Dantenin Beatriçesi də bir çox xüsusiyyətləri ilə Şirinlə müqayisə edilə bilər.

Poemanın əsas qəhrəmanlarından biri olan Xosrov da şairin ictimai-siyasi görüşlərini ifadə edən obrazdır. Nizami hələ ilk poemasında qoyduğu “pisliklərdən qayıtmağın mümükünlüyü və zəruriliyi” kimi mühüm bəşəri fikrini bu əsərində daha aydın və olduqca maraqlı hadisələr fonunda oxuculara çatdırır. Bu baxımdan Xosrov obrazının mənəvi təkamülə doğru inkişafı daha səciyyəvidir. Nizami kamil Xosrov surətini verməklə dövrünün şahzadələrinə ibrət dərsi vermiş, insanların tərbiyə vasitəsilə əxlaqi cəhətdən kamilləşə biləcəyinə inamını ifadə etmişdir. 

“Xosrov və Şirin” poeması Atabəy Məhəmməd Cahan Pəhləvanın şairin məhəbbət haqqında dastan yazması sifarişi əsasında dünyasını dəyişmiş həyat yoldaşı Afaqın ölümündən sonra onun obrazını şeirlərində əbədiləşdirmək məqsədilə yazılmışdır. 

Mənbə: Nizami Gəncəvi., Xosrov və Şirin., “Lider Nəşriyyatı”., Bakı., 2004., səh.4,6,7,10,11,12.

Ön sözün müəllifi: Həmid Araslı

Elmi redaktor: Xəlil Yusifli

Shopping Basket