Varlık 19
yuvarlak
Yeddi Gözəl 1

TARİX 1197

YEDDİ GÖZƏL

Öz yaradıcılığı ilə şerə yeni ruh verib, onu sarayların məngənəsindən qurtararaq, ümumxalq sərvətinə çevirmiş dahi Azərbaycan şairi və mütəfəkkiri Nizaminin sonralar “Xəmsə” adlandırılan beş poemasından dördüncüsü “Yeddi gözəl” poemasıdır. Orijinalda “Həft peykər” adlanan poemanın məzmunu nəzərə alınaraq məcazi mənada “Yeddi gözəl” adı ilə tərcümə edilir. Nizami poemanı 1197-ci il iyul ayının 31-də bitirmiş və onu Marağa hakimi Əlaəddin Körpə Arslana (1174-1208) ithaf etmişdir. Poemanın mövzusu Sasani hökmdarı olan V Bəhramın həyatı ilə bağlıdır. Ancaq şair onun həyatını əks etdirmək adı altında və onun vasitəsilə öz dövrü haqqında kəskin tənqidi fikirlər, romantik düşüncələrlə dolu bir əsəsr yaratmışdır. 

Əsərin mövzusu Sasani hökmdarı olan V Bəhramın həyatı ilə bağlı olsa da, şair Nizami Bəhramın həyatını, fəaliyyətini nəzmə çəkmək, onun başına gələnləri büsbütün əks etdirmək istəmişdir. Nizaminin məqsədi Bəhram haqqındakı əfsanə və rəvayətləri, tarixi mənbələrdə onun barəsində yazılanları toplayıb nəzmə çəkmək olmamışdır. Dahi mütəfəkkirin istəyi Sasani hökmdarının simasında yeni insan idealını əks etdirmək, zaman və insan analyışı ətrafındakı dərin düşüncələrini ifadə etmək olmuş, fikirlərinin dəlilli-sübutlu olması üçün mənbələrə biganə qalmamışdır. 

Nizaminin mövzu mənbələrindən biri də, heç şübhəsiz ki, Firdovsinin “Şahnamə”si olmuşdur. Lakin Nizami sələfini təkrar etmək, ondan nə isə götürmək, nədənsə ona bənzəmək, onun Bəhram haqqında yazdıqlarına oxşar bir şey yaratmaq istəməmişdir. Mahiyyət etibarilə seçilən, fərqli, yeni keyfiyyətli sənətkar olduğunu nəzərə çarpdırmaq üçün işlədiyi bəzi epizodların yeni poetik həllini vermişdir. Bu baxımdan Fitnə epizodu Azadənin təkrarı yox, Firdovsinin yaradıcılıq prinsipləri ilə mübahisədir.

“Yeddi gözəl” poeması ədalətli hökmdar surəti yaratmaq, şairin ideal şah arzusunu ifadə etmək üçün yardılmış əsər deyil, insana yeni – İntibah dövrünün münasibətini əks etdirən bir poemadır. İnsan necədir və necə olmalıdır fikrini geniş planda əks etdirmək Nizaminin daha çox bu əsərdə əsas poetik qayəsi olmuşdur. Müxtəlif insan surətlərini rəngarəng hadisələr axarında təbii və inandırıcı şəkildə göstərməklə Nizami istədiyinə nail olmuş, insana yeni münasibət ifadə etmişdir. 

Nizami Bəhramı əsər boyu özünüdərketmə prosesində əks etmişdir. Şair Bəhram Gurun simasında insan və şah necə olmalıdır sualına cavab verməklə insanın özünü dərk və təsdiqini açıb göstərmişdir. 

Əfsanəyə görə Bəhram yeddi iqlimə aid qüdrətli hökmdarların yeddi gözəl qızını əvvəlcədən inşa etdirdiyi yeddi qəsrə (günbəzə) gətirir. Orta əsr elminin təsəvvürlərinə görə dünyanın insan yaşayan ərazisi “Yeddi iqlimə” bölünürdü. Hər bir qız yatmazdan əvvəl şaha gözəl bir əfsanə danışır. Dastanın ümumi quruluşuna daxil edilmiş bu yeddi rəvayət əsərdə müstəqil bir təbəqə əmələ gətirir. Hər bir qəsrin rəngi o dövrdə məlum olan yerin yeddi təbəqəsini himayə edən yeddi planetin rənginə uyğun idi.  

“Yeddi gözəl” əsərinə daxil edilmiş əlavə rəvayətlərdə fantastik ünsür nəzərə çarpan dərəcədə üstün yer tutur və bu baxımdan həmin əsər şairin maraqlı məsnəvilərindən biridir.

Qeyd edək ki, şairin bu əsəri mədəni müxtəlifliyə tolerant münasibətin, eləcə də geniş dünyagörüşünün təzahürüdür. 

Mənbə: Nizami Gəncəvi., Yeddi Gözəl., “Lider Nəşriyyatı”., Bakı., 2004., səh.4,5,6,8,14.

Ön sözün müəllifi və elmi redaktor: Xəlil Yusifli

Shopping Basket