News

Nizami Gəncəvi Vəqfinin yaranmasından 1 il ötür

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2021-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən elan edilmiş “Nizami Gəncəvi İli” çərçivəsində 24-26 noyabr tarixlərində Bakı şəhərində “Nizami Gəncəvi: Mədəniyyətlər arasında körpü” mövzusunda təşkil olunan Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçıları tərəfindən forumun illik əsasda keçirilməsi ilə bağlı irəli sürülən təklifi və səkkiz bənddən ibarət Birgə Kommünikenin yekdil qərarla qəbul olunmasını əsas tutaraq 2021-ci ilin 30 dekabr tarixində Nizami Gəncəvi Vəqfi (NGV) təsis edilmişdir.

 

       Vəqfin əsas məqsədi dünya mədəniyyətinin görkəmli nümayəndəsi Nizami Gəncəvinin tərənnüm etdiyi universal dəyərləri, o cümlədən ölkəmizin tolerantlıq, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoq ənənələrini təbliğ etmək, Nizami Gəncəvinin vəfatından sonra Gəncə-Qarabağ bölgəsində fəaliyyət göstərmiş “Şeyx Nizami Vəqfi”nin mənəvi varisi olaraq bu irsi yaşatmaqdır. Həmçinin Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, ədəbiyyatını, incəsənətini və adət-ənənələrini, xüsusilə Azərbaycanın qədim şəhəri Gəncəni beynəlxalq auditoriyada geniş şəkildə tanıtmaq, Nizami Gəncəvinin ədəbi irsini tədqiq edən nüfuzlu beynəlxalq və yerli nizamişünas alimlərin bilik mübadiləsini təşviq etmək, eləcə də bu sahədə yeni tədqiqatların aparılmasına töhfə vermək, bu irsi tədqiq edən alimlər üçün Azərbaycan mərkəzli beynəlxalq əməkdaşlıq platforması yaratmaqdır.

      

    NGV-nin fəaliyyətinin əsas istiqamətlərindən biri də Nizami Gəncəvinin ədəbi irsinin beynəlxalq səviyyədə təbliğ etməkdir. Bu məqsədlə, “XƏMSƏ” məsnəvilər toplusunun müxtəlif dillərə tərcümə olunmasına çalışan NGV 2022-ci ildə Atatürk Universitetinin professoru Nimet Yıldırım tərəfindən Nizami Gəncəvinin “İsgəndərnamə” məsnəvisinin tam mətninin ilk dəfə olaraq fars dilindən türk dilinə tərcüməsinə dəstək göstərmişdir. GENCELİ NİZAMÎ. İSKENDERNÂME. Şerefnâme-ikbâlnâme. Hazırlayan ve çeviren: Prof. Dr. Nimet YILDIRIM” adlı kitab Türkiyədə “Dergah” Yayınları tərəfindən çap olunmuşdur. Nizami Gəncəvinin Azərbaycan və ümumilikdə türk dünyasının böyük şair və mütəfəkkiri olaraq təqdim olunduğu əsər türk oxucularının böyük rəğbətini qazanmışdır.

    Gənc nəslin milli və mənəvi dəyərlərin daşıyıcısı olaraq yetişdirilməsi və əlverişli sosial mühitdə inkişaf etmələri  məqsədilə NGV həyata keçirdiyi layihələrdə gənclərin yaxından iştirak etmələri üçün şərait yaradır. Gənclərin dünyagörüşünün formalaşmasına, sosial məsuliyyət hissinin və komanda daxili əməkdaşlıq vərdişlərinin aşılanmasına xüsusi önəm verərək NGV tərəfindən “Kəşf et, ünsiyyət qur, inkişaf et!” şüarı ilə xüsusi “Gənclər konsepsiyası” da hazırlanmışdır.

     Vəqf eyni zamanda müxtəlif regional və beynəlxalq səviyyəli, dövlət və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində elmi və mədəni layihələrə dəstək vermək, nəticələri nəşrlər və digər vasitələrlə dünya ictimaiyyəti ilə bölüşərək fərqli mədəniyyətlər arasında körpü yaratmaq niyyətini də qarşıya məqsəd qoyub. Bu məqsədlə Vəqfin Beynəlxalq Ekspertlər Şəbəkəsi (BEŞ) də yaradılıb. BEŞ adlandırılan bu elmi platformaya nüfuzlu elm adamları, ekspert və mütəxəssislərin üzvlüyə qəbulu prosesi davam etməkdədir.

     Beynəlxalq əməkdaşlığa xüsusi önəm verən NGV bu ilin 1-4 sentyabr tarixlərində 2022-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunmuş Türkiyənin Bursa şəhərində“3. Uluslararası Kozadan Kumaşa İpek Festivalı” adlı beynəlxalq tədbirdə ilk dəfə Azərbaycan ipəyini təqdim etmək məqsədilə Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və “Azəripək” MMC-nin tərəfdaşlığı ilə  “Kəlağayı: Şəkidən Bursaya doğru uzanan ipək tellər” adlı milli stendi təşkil etmişdir. NGV növbəti il ərzində də bir sıra nüfuzlu beynəlxalq təşkilat və analoji beyin mərkəzləri ilə ortaq layihələrin keçirilməsini hədəfləyir.

 

14.12.2022-ci il

Shopping Basket