Varlık 19
yuvarlak
banner 1

Şeyx Nizami Vəqfinin
qısa tarixi

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi öz yaradıcılığı ilə dünya ədəbi irsində xüsusi yerə və məqama sahibdir. Ümumbəşəri dəyərləri bədii üslubda özünəməxsus tərzdə oxuculara təqdim edən N.Gəncəvinin ədəbi və mədəni irsi bu gün də tədqiq və təbliğ edilməkdədir. Onun irsinin qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması, eyni zamanda beynəlxalq auditoriyaya təbliği məqsədilə mühüm addımlar atılmaqdadır. Bu məqsədlə Azərbaycanda Nizaminin adını daşıyan elm mərkəzləri, muzey və təşkilatlar yaradılmaqda, eləcə də abidələr ucaldılmaqdadır. Orta əsirlər mədəniyyətinin böyük simalarından biri olan Nizami Gəncəvi yaradıcılığının öyrənilməsi nəinki respublikamızda, hətta xaricdə belə son zamanlar geniş vüsət almışdır. Son illər Azərbaycan alimlərinin Nizami yaradıcılığının yeni şəkildə araşdırmaları, əsərlərinin ana dilimizdə yeni redaktədə nəşri və s. ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.


    Bu məqsədlə atılan addımlardan biri də 2021-ci ildə Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən elan edilmiş “Nizami İli” çərçivəsində Nizami Gəncəvi Vəqfinin təsis edilməsi olmuşdur. “Şeyx Nizami Vəqfi”nin mədəni varisi olaraq təsis edilmiş Nizami Gəncəvi Vəqfi dahi şairin irsinin və Azərbaycan mədəniyyətinin beynəlxlaq ictimaiyyətə təbliğinə xidmət edir.

“Şeyx Nizami Vəqfi”nə aid sənədlərin bir qismi Atatürk Universitetinin dosenti “Kitabi Dədə Qorqud” və Qars tarixi folkloruna dair bir sıra tarixi əsərlərin müəllifi olan Fəxrəddin Kırzıoğlu tərəfindən aşkara çıxarılmışdır. “Şeyx Nizami Vəqfi” haqqında ilk yazılı məlumata (Fəxrəddin Kırzıoğlu və onunla birgə Yavuz Akpınarın verdikləri məlumatlara əsasən) İstanbulda Baş nazirlik Dövlət arxivində 11564 nömrədə qeyd edilən sənəddə rast gəlinir. Sənədlərdə qeyd olunmuşdur ki, Osmanlı türkləri tərəfindən Gəncə-Qarabağ vilayətini ələ keçirdikdən sonra (1588), Gəncə şəhəri mərkəz olmaqla bir əyalət təsis edilmişdir. Əyalət Anadolu mütəsərrifi olan Hadım Həsən Paşanın idarəçiliyinə verildikdən sonra Çərkəz Heydər Paşa Gəncə əyalətində bəylərbəyi təyin edilmişdi. Daha sonra vilayətə paşanın dəftərdarı vəzifəsinə təyinat oldu və orada aqrar məsələlərin, təsərrüfat işlərinin, xəzinələrin, həmçinin, əhalinin siyahıya alınması məqsədilə 699 nömrəli “Gəncə – Qarabağ” vilayətinin ərazi icmal dəftəri tərtib olundu. Həmin icmal dəftərinin 277-ci səhifəsində Nizami vəqfindən bəhs edilir. Bu dəftər şair əbədiyyətə qovuşandan sonra xatirəsinin əziz tutulduğunu təsdiq edən sənədlərdən biridir. Dəftərdə ayrıca olaraq vəqfin gəlir qaynaqları göstərilmişdir. Arxiv sənədi iki hissədən ibarətdir: 1) Vəqfin gəlir qaynaqları və oradan əldə edilən ianənin həcmi; 2) Toplanan ianənin hansı sahə və xidmətlərə xərcləndiyini göstərən hissə.

Azərbaycan ictimaiyyətinə vəqf haqqında ilk məlumatlar akademik Həmid Araslı tərəfindən “Ədəbiyyat və incəsənət” qəzetinin 25 fevral 1983-cü il sayında, daha sonra akademik Ziya Bünyadov tərəfindən eyni qəzetinin 3 avqust 1984-cü il sayında dərc edilmiş məqalələrdə təqdim edilmişdir. Hələ Sovet dövründə yazılan bu məqalələr Nizami vəqfinə aid sənədin xüsusi bir araşdırma obyekti olduğunu göstərir.

Vəqfin neçənci əsrdə və kim tərəfindən təsis edildiyi məlum deyil. Çünki yaradılması haqqında vəqfnaməsinin, yəni təsis sənədi ilə bağlı məlumatların olmaması vəqfin idarəetmə forması, vəqf edilən malların növü və ölçüləri və s. kimi ortaya çıxan suallara cavabı qeyri-mümkün edir.

Azərbycanın şimal hissəsində 1593-cü ildə Osmanlı dövlətinin hakimiyyəti altında olan şəhərlərdəki əhali kimi vəqflər də siyahıya alınmışdır. Əldə olunan məlumatlardan aydın olur ki, Gəncə şəhərində İmamzadənin (Göyimam) də vəqfləri var idi. İmamzadə Gəncə qalasının içərisində, Nizami məqbərəsi isə kənarda yerləşmişdir.

Nizami zaviyyəsinin 12 ədəd vəqf edilmiş mülkü olub, o dövrlərdə Gəncə-Qarabağ vilayətində ən böyük vəqf hesab edilirdi. Vəqfin illik gəlirləri məktəblər, türbələr və yaxud digər tikililərin ucaldılmasına sərf edilirdi. Qeyd edilir ki, sözügedən vəqf bölgədə edilən ianə və gəlirlərə görə ən böyük vəqflərdən biridir. İllik toplam əldə edilən gəlirin məbləği 17480 axçadır (“ağça” kimi də yazılır). Vəqfin xərcləri isə orada çalışan insanlara ödənilən maaş, gündəlik iaşə və türbənin təmirinə xərclənən vəsaitlərdən ibarət idi. Vəqfin illik xərclənən vəsaiti 15120 olaraq qeyd olunur. Müqayisə üçün onu göstərmək kifayətdir ki, əgər Gəncə-Qarabağ vilayətinin Kürək nayihəsinin dağlıq hissəsində yerləşən, vilayətin böyük vəqflərindən biri sayılan və yuxarıda adı çəkilən vilayətin icmal dəftərinin 278-ci səhifəsində yazılmış İmamzadə şeyx Məhəmməd vəqfinin illik gəliri 5.400 ağca idisə, Şeyx Nizami vəqfinin gəliri ondan üç dəfə çox idi. Həmçinin Vəqfin mülkiyyətində olan karvansarayda (iki ədəd kiçik xanə) Gəncə şəhərini ziyarət edən və ya İpək Yolu vasitəsilə şəhərdən keçən qonaqlar üçün 3 gün müddətində pulsuz qidalanma təmin edilirdi.

Hələ o zamanlarda Nizami vəqfinin gəliri o qədər çox imiş ki, o kasıblara yemək vermək, xidmətçilərə maaş vermək və vəqfə lazım olan başqa xərcləri ödəməkdən əlavə, hətta, Gəncə şəhərində olan (böyük məscid) Cami yanında fəaliyyət göstərən mədrəsə müdərrisini də maaşla təmin edirdi. Şairin varisi qalmadığı üçün vəqfi mütəvəlli idarə edirdi. Mütəvəllinin adı Şeyx Baba olub və vəqfin gəlirindən ona xüsusi maaş ayrılırdı. Vəqfdən gələn bütün mədaxil, yoxsulların, mütəvəllinin, nazirin, quran oxuyanın, katibin, həm də bu vəqfdən təmin olunan şəhər cami mədrəsəsi müdərrisinin maaşına sərf olunurdu.

Gəncə şəhəri 1606-cı ildə Şah Abbas tərəfindən fəth edildikdən sonra şəhər tarixi yerindən yeddi kilometr kənara yəni indiki yerinə köçürülmüşdür. Xalqın Nizamiyə olan ehtiramı əsrlər boyu davam etmişdir, lakin buna baxmayaraq Qədim Gəncə dağıdılıb yeni yerinə köçürüldükdən sonra şəhərdən uzaq düşən məqbərə öz əzəmətini itirməyə başlamışdır. Rus-İran müharibəsindən sonra əsasən də 1828-ci ildə Şıx Nizami düzündə aparılan müharibə zamanı məqbərə çox zərər çəkmişdir.

Uzun illər müxtəlif səbəblərdən baxımsız qalan Nizami məqbərəsi Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra dövlət əhəmiyyətli qoruğa çevrilərək dövlətin xüsusi himayəsi altına alındı. Bu gün də Şeyx Nizaminin məqbərəsi Azərbaycanın Gəncə şəhərində yerli əhalinin və turistlərin ən çox ziyarət etdiyi məkandır.

Shopping Basket