Xəbərlər

Nizaminin “İsgəndərnamə” poeması türk dilli oxucular üçün əlçatan oldu

Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin beynəlxalq müstəvidə təbliğ olunması məqsədilə əsərlərinin müxtəlif xarici dillərə tərcümə olunaraq geniş oxucu kütləsinə çatdırılması xüsusi əhəmiyyət kəsb edir.

Nizami Gəncəvi Vəqfinin dəstəyi ilə Atatürk Universitetinin professoru Nimet Yıldırım tərəfindən Nizami Gəncəvinin “İsgəndərnamə” məsnəvisi tam həcmdə ilk dəfə Türk dilinə tərcümə edilib.

“GENCELİ NİZAMÎ. İSKENDERNÂME. Şerefnâme-İkbâlnâme. Hazırlayan ve çeviren: Prof. Dr. Nimet YILDIRIM” adlı kitab Türkiyənin nüfuzlu Dergâh Yayınları tərəfindən 2022-ci ilin noyabr ayında nəşr edilib.  Kitabda Nizaminin həyat və yaradıcılığının təhlili verilmiş, əsərin sonuna bəzi tarixi şəxsiyyətlər və izahlı lüğət əlavə olunmuşdur. 

İnanırıq ki, türk dilinə tərcümə olunan bu şah əsər iki qardaş ölkə arasında mövcud mədəni-ədəbi əlaqələrin daha da möhkəmləndirilməsi üçün görülən işlərə öz töhfəsini verəcəkdir.

Qeyd edək ki, kitab Türkiyə oxucuları tərəfindən böyük rəğbətlə qarşılanıb.

Shopping Basket