Tədbirlər

IX Bakı Beynəlxalq Kitab Sərgisində “İskəndərnamə. Şərəfnamə - İqbalnamə” kitabının təqdimatı keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə 11-15 noyabr 2023-cü il tarixində Bakı Ekspo Mərkəzində 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçirilib. Bir sıra ölkələrin, xarici təşkilatların, yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisələrin, həmçinin elmi tədqiqat və ali təhsil müəssisələrinin təmsil olunduğu sərgidə 14 noyabr 2023-cü il tarixdə Nizami Gəncəvinin “İskəndərnamə. Şərəfnamə – İqbalnamə” kitabının türk dilinə ilk tərcüməsinin təqdimatı baş tutub. Nizami Gəncəvi Vəqfinin dəstəyi ilə Atatürk Universitetinin professoru, Türkiyənin nüfuzlu şərqşünas alimi Nimet Yıldırım tərəfindən tərcümə olunan “GENCELİ NİZAMÎ. İSKENDERNÂME. Şerefnâme-İkbâlnâme” adlı kitab Türkiyənin nüfuzlu “Dergâh Yayınları” tərəfindən 2022-ci ilin noyabr ayında çap edilib. Təqdimatda çıxış edən Nimet Yıldırım tərcümə etdiyi əsərin Türkiyənin müxtəlif şəhərlərində təşkil olunan kitab sərgilərində təqdim olunduğunu və Türkiyə ərazisində fəaliyyət göstərən bir sıra böyük kitab dükanları şəbəkələri üzərindən satıldığını qeyd edib. Türk dünyasının böyük şair və mütəfəkkiri Nizami Gəncəvinin bu əsəsrinin Türkiyə oxucuları tərəfindən böyük maraqla qarşılandığını söyləyən müəllif, növbəti illər ərzində “XƏMSƏ”yə daxil olan digər dörd əsərin də türk dilinə yenidən tərcümə olunaraq çap olunacağını bildirib.
Shopping Basket