Xəbərlər

“İSKƏNDƏRNAMƏ. ŞƏRƏFNAMƏ - İQBALNAMƏ” KİTABININ TÜRK DİLİNƏ İLK TƏRCÜMƏSİNİN TƏQDİMATI KEÇİRİLİB

Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin ədəbi irsinin və əsərlərinin müxtəlif xarici dillərə tərcümə olunaraq geniş oxucu kütləsinə çatdırılması Nizami Gəncəvi Vəqfi üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, NGV-nin dəstəyi ilə Atatürk Universitetinin professoru, Türkiyənin nüfuzlu şərqşünas alimi Nimet Yıldırım tərəfindən Nizami Gəncəvinin “İsgəndərnamə” məsnəvisi tam həcmdə ilk dəfə türk dilinə tərcümə olunaraq Türkiyənin nüfuzlu “Dergâh Yayınları” tərəfindən 2022-ci ilin noyabr ayında çap edilib.24 oktyabr 2023-cü il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ekspozisiya zalında dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “GENCELİ NİZAMÎ. İSKENDERNÂME. Şerefnâme-İkbâlnâme” kitabının türk dilinə ilk tərcüməsinin təqdimat mərasimi keçirilib. Mərasim Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə keçirilmiş beynəlxalq konfrans çərçivəsində baş tutub.Azərbaycan, Polşa, Macarıstan, Rusiya və Qazaxıstan alimlərinin, elm və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə çıxış edən N.Yıldırım tərcümə etdiyi İskəndərnamə əsərində Türkiyə şərqşünaslığı tarixində ilk dəfə Nizami Gəncəvinin Azərbaycan və bütün Türk dünyasının şairi və mütəfəkkiri kimi təqdim olunduğunu qeyd edib, orijinal, yəni fars dilindən türk dilinə tərcümə edərək ərsəyə gətirdiyi kitab haqqında geniş məlumat verib.Nizaminin ən son ustad əsəri olan “İsgəndərnamə” “Şərəfnamə” və “İqbalnamə” adlı iki hissədən və cəmi 10516 beytdən ibarətdir. Makedoniyalı İsgəndərin həyat hekayəsinin geniş şəkildə çatdırıldığı bu əsərdə bir çox tarixi, mədəni, ədəbi və mifoloji elementlər əks olunmuşdur. Maraqlıdır ki, Nizami Gəncəvi İsgəndəri özünün üç əsas xüsusiyyəti ilə səciyyələndirmişdir: “hökmdarlıq”, “hikmət” və “nübüvvət”.Çıxışının sonunda müəllif kitabın təqdimat mərasiminin keçirildiyi Əlyazmalar İnstitutunun rəhbərliyinə, konfransın təşkilatçılığına görə həmin institutun Türkdilli əlyazmaların tədqiqi və Türk dünyası əlyazmalarının tədqiqi şöbələrinin əməkdaşlarına, kitabın ərsəyə gəlməsində dəstək göstərən Nizami Gəncəvi Vəqfinə və bu tədbirdə iştirak edən hər kəsə öz dərin minnətdarlığını bildirib, bu layihənin iki qardaş ölkə arasında mövcud olan bir çox sahələrə, xüsusən də mədəni-ədəbi əlaqələrimizin inkişafına töhfə verəcəyinə ümid etdiyini qeyd edib.Tədbirin sonunda iştirakçılarla xatirə şəkli çəkilib.

Shopping Basket