Xəbərlər

“Leyli və Məcnun” sənədli filmi təqdim edilib

2024-cü ilin 17 və 24 yanvar tarixlərində Səudiyyə Ərəbistanı Krallığının ilk rəsmi tv kanalı Al Saudiyanın ərsəyə gətirdiyi “İrs” layihəsi çərçivəsində iki hissədən ibarət olan “Sevgi, şeir və divanəlik arasında: Qeys və Leyli Şərqdə və Qərbdə” mövzusunda ərəb və ingilis dillərində sənədli film təqdim olunub.

Layihənin rəhbəri İmam Məhəmməd Bin Saud İslam Universitetinin Müasir və Yeni Tarix fakultəsinin professoru Talal Altorifi “Qeys və Leyli” haqqında əsatirin tarixini, bu nakam sevginin dünya mədəniyyəti, Şərq və Qərb ədəbiyyatı və incəsənətinə təsirini araşdırır.

Layihədə Kembric Universitetinin professoru Kristin van Rimbeki, Frayburq Universitetinin professoru Əssəd Xayrullah, Edinburq Universitetinin professoru Caakko Hamiin-Anttila, Kəşmir Universitetinin professoru Əhməd Nəsim Şah, Hindistanın məşhur incəsənət xadimi, aktrisa, kino tənqidçi, aparıcı xanım Atika Faruqi, Hindistanın tanınmış teatr rejissoru, kino aktyor və elm xadimi Ram Qopal Bacac iştirak etmişlər. Layihənin icrası məqsədilə bir il ərzində dünyanın bir sıra şəhər, universitet, kitabxana, məqbərə və tarixi məkanlarında çəkilişlər aparılmışdır.

Müsahibələr zamanı İngilis ədəbiyyatının görkəmli nümayəndəsi Uilyam Şekspirin “Romeo və Cüllyeta” əsərini “Leyli və Məcnun” dastanından ilhamlanaraq yazmış olması fikri səslənmiş, həmçinin, Hind kino sənətində eşq mövzusunda çəkilən filmlərin böyük qisminin məhz “Leyli və Məcnun” mövzusuna həsr olunduğu qeyd olunmuşdur.

Shopping Basket