b6a7e196-20e0-4054-aeb2-cfff579ea6a1

HEYDƏR ƏLİYEV VƏ NİZAMİ GƏNCƏVİ

Tədbirlər

HEYDƏR ƏLİYEV VƏ NİZAMİ GƏNCƏVİ

HEYDƏR ƏLİYEV VƏ NİZAMİ GƏNCƏVİ Aprelin 14-də Ulu öndər Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində “Nizami Gəncəvi Vəqfi” İctimai Birliyi tərəfindən “Nizami Gəncəvi Söhbətləri: Heydər Əliyev və Nizami Gəncəvi” mövzusunda online formatda elmi-praktiki müzakirələr təşkil olunub. Müzakirələrdə Nizami Gəncəvi Vəqfinin həmtəsisçiləri Rəfi Qurbanov və Arzu Təbrizli, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akamedik Teymur Kərimli, Yunus Emre İnstitutunun Bakı nümayəndəliyinin rəhbəri Selçuk Karakılıç, Gəncə Dövlət Universitetinin dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bayram Apoyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, əməkdar elm xadimi, pedaqogika üzrə elmlər doktoru, professor Fərrux Rüstəmov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, əməkdar elm xadimi, pedaqogika üzrə fəlsəfə doktoru Ənvər Abbasov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Qüdrət Umudov iştirak ediblər. Çıxışlar zamanı maraqlı fikirlər səslənib, klassik ədəbi irsimiz və böyük dahilərimizə qiymət verməyi bacaran Heydər Əliyevin Nizami Gəncəviyə xüsusi rəğbət bəslədiyi qeyd olunub. Çıxışı zamanı Rəfi Qurbanov bildirdirib ki, Nizami Gəncəvi kimi mədəniyyətimizin banisi yetişdirən xalqımız, Ulu öndər Heydər Əliyev kimi hamisini də yetişdirdi. Nizami yaradıcılığındakı humanist ideyaların və ümumbəşəri dəyərlərin Ulu öndərin hər zaman güvəndiyi əsas ictimai-fəlsəfi mənbələrdən olduğu bildirilmişdir. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 22 sentyabr 1975-ci və 4 yanvar 1978-ci illərdə “Nizami məqbərəsinin qorunması”, 1 yanvar 1979-cu ildə Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında, 28 iyul 1981-ci ildə isə dahi mütəfəkkirin 840 illik yubileyi münasibətilə verilən qərar və göstərişlər böyük şair haqqında möhtəşəm tədbirlər görülməsinə, genişmiqyaslı tədqiqatlar aparılmasına səbəb olmuşdur. Azərbaycanda Nizamişünaslığın inkişafı Ulu öndərin müdrük dövlətçilik siyasətinin tərkib hissələrindən biri olub. Məhz onun təşəbbüsü və himayədarlığı ilə 1981-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda ilk dəfə olaraq, ayrıca Nizamişünaslıq şöbəsi yaradıldı. Şöbəyə rəhbərlik dünya şöhrətli şərqşünas – alim, professor, əməkdar elm xadimi Rüstəm Əliyevə həvalə olundu. Heydər Əliyevin xüsusi tapşırığı ilə Respublikada, o cümlədən Nizamişünaslıq şöbəsində Nizami Gəncəvi “Xəmsə”sinin yenidən nəşri, şairin əsərlərinin Azərbaycan və rus dillərində filoloji tərcümələri və həyatının, ədəbi mühitinin və yaradıcılığının tədqiqi sahəsində qızğın iş başladıldı. “Nizami” filminin çəkilməsi, “Xəmsə” kompleks abidələrinin ucaldılması, Nizami məqbərəsinin təmiri və qorunması, “Xəmsə”nin yeni tərcümə və nəfis tərtibdə nəşr edilməsi, dünyanın bir çox şəhərlərində Nizami heykəllərinin ucaldılması, Bakı Metropoliteninin stansiyalarından birinə “Nizami” adının verilməsi və digər tədbirlər Heydər Əliyevin dahi Azərbaycan şairinə olan diqqət və qayğısının bariz nümunəsidir. S.Karakılıç bildirib ki, hər siyasətçi öz sahəsində iş görər. Amma bəzi şəxsiyyətlər var ki, onlar xüsusi olaraq seçilirlər. Çünki onlar siyasi işlərlə yanaşı, öz xalqının dili, mədəniyyəti, tarixinin inkişafı üçün də davamlı işlər görərlər. Belə şəxsiyyətlər hər yüz ildən bir yetişir. Heydər Əliyev məhz belə siyasətçilərdən, dövlət xadimlərindən biri kimi tarixə düşüb. Həmçinin qeyd olundu ki, fenomen şəxsiyyət Heydər Əliyev siyasi məktəbinin varisi və layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən bu missiya bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin Nizami Gəncəvinin yubileylərinin keçirilməsi, xüsusilə 2021-ci ilin “Nizami Gəncəvi” ili elan edilməsi, məqbərəsinin bərpa edilməsi, əsərlərinin tərcümə və tədqiq olunması ilə bağlı imzaladığı sərəncam və qərarlar sadəcə Nizami yaradıcılığına və ədəbiyyata göstərilən dəyər deyil, ümumilikdə mədəniyyətə, Azərbaycana və sivilizasiyalararası dialoqa verilən misilsiz töhfədir. Sonda qarşılıqlı maraq doğuran suallar ətrafında müzakirələr aparılıb.
nizami-ganjavi-sohbetler1

Nizami Gəncəvinin anım günü qeyd edilib

Tədbirlər

Nizami Gəncəvinin anım günü qeyd edilib

12 mart Şərq Poeziyasının görkəmli nümayəndəsi, dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anım günüdür. Nizami bəşər tarixinə “Xəmsə” (“Beşlik”) adı ilə məşhur olan beş bənzərsiz söz, hikmət xəzinəsi ərməğan edib. O yalnız şair deyil, həm də öz dövrünün böyük mütəfəkkiri kimi tanınıb. Aldığı hərtərəfli dini və dünyəvi təhsil, sahib olduğu zəngin məlumat və dünyagörüşü onun fitri şairlik istedadı ilə birləşərək bizlərə gözəl sənət abidələri yadigar qoymasına səbəb olub. “Xəmsə” məsnəvilər toplusu dünyanın bir sıra xalqlarının dillərinə tərcümə edilib. Azərbaycanın dahi şairi Nizami Gəncəvi bütün Şərq aləmində və dünyada ehtiramla yad edilir. 10 mart 2023-cü il tarixdə Nizami Gəncəvinin vəfatının 814-cü il dönümü münasibətilə “Nizami Gəncəvi Vəqfi” İctimai Birliyi tərəfindən “Nizami Gəncəvi Söhbətləri: Multikulturalizmə baxış” mövzusunda online formatda anım günü tədbiri təşkil olunmuşdur. Tədbirdə Nizami Gəncəvi Vəqfinin direktoru Rəfi Qurbanov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Kembric Universitetinin Asiya və Orta Şərq Araşdırmaları fakültəsinin üzvü, professor Kristin van Rimbeki, Türk dili və ədəbiyyatı tədqiqatçısı, professor Yavuz Akpınar, Tbilisi Dövlət Universitetinin Filalogiya fakültəsinin üzvü, professor Maka Elbakidze, Atatürk Universiteti Ədəbiyyat fakültəsi, Tarix bölməsinin dosenti Coşkun Ərdoğan, AMEA Əlyazmalar İnstitutunun işçisi, şərqşünas alim, filologiya elmləri doktoru Nəsib Göyüşov, AMEA Gəncə bölməsinin alimi, Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Tbilisi Dövlət Universitetinin Ümumi və Müqayisəli Ədəbiyyatşünaslıq kafedrasının müdiri, professor İrma Ratiani, Özbəkistan Milli Universitetinin Sosial Elmlər fakültəsinin Fəlsəfə və Mənəviyyat kafedrasının müdiri, fəlsəfə elmləri doktoru Nigina Şermuhamedova və Atatürk Universiteti Ədəbiyyat fakültəsi, Fars dili və Ədəbiyyatı kafedrasının üzvü, professor Nimet Yıldırım iştirak etmişlər. Çıxışlar zamanı Nizami Gəncəvi yaradıcılığında qırmızı xətlə keçən multikulturalizm prinsipləri, fərqli mədəniyyətlərə münasibət və dinc birgəyaşayış ənənələrinə dair maraqlı fikirlər səsləndirilmişdir. Bu nöqteyi nəzərdən Nizaminin ayrı-ayrı qəhramanlarının analizi aparılmış və maraqlı məqamlar diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, ölümündən səkkiz əsr keçməsinə baxmayaraq, Nizami Gəncəvinin qoyub getdiyi dəyərlər bu gün də bəşəriyyəti birləşdirməyə davam edir. Sonda iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılmışdır.
bursa-poster

3-cü “Baramadan İpəyə” beynəlxalq ipək festivalı

Tədbirlər

3-cü “Baramadan İpəyə” beynəlxalq ipək festivalı

Azərbaycan ipəyi ilk dəfə sentyabrın 1-dən 4-dək türk dünyasının mədəniyyət paytaxtı olan Türkiyənin Bursa vilayətində keçiriləcək 3-cü “Baramadan İpəyə” beynəlxalq festivalda nümayiş etdiriləcək.

Festival Bursa Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçiriləcək. Azərbaycan sözügedən festivalda Nizami Gəncəvi Vəqfinin təşəbbüsü, Bakı Yunus Əmrə İnstitutunun dəstəyi və “Azəripək” MMC-nin tərəfdaşlığı ilə “Kəlağayı: Şəkidən Bursaya doğru uzanan ipək tellər” adlı milli stendi ilə təmsil olunacaq. Ölkəmizin festivalda iştirakının əsas məqsədi Azərbaycanın qədim və zəngin ipəkçilik sənətini beynəlxalq arenada təbliğ etmək, eləcə də iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsinə töhfə verməkdir.

Sərgidə Şəkidə istehsal olunan ipək nümunələrinin, əsasən qədim Azərbaycan baş örtüyü olan kəlağayının təqdimatı və satışı keçiriləcək. Bundan əlavə, tədbir boyu Azərbaycan ipəyinin tarixini əks etdirən video materiallar, ipək və kəlağayı istehsalı zamanı istifadə olunan boya, basma naxış qəlibləri və digər kiçik daşına bilən vasitələrin nümayişi, eləcə də ustad dərslərinin təşkili nəzərdə tutulur.

Dörd gün davam edəcək tədbirdə yerli, eləcə də Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Şimali Kipr Türk Respublikası kimi türkdilli ölkələrin milli ipək nümunələrindən ibarət sərgilərin təşkili planlaşdırılır. Təşkilatçılar tərəfindən ipək festivalı çərçivəsində hər günə məxsus müxtəlif ekskursiya və mədəni tədbirlərin təşkili də nəzərdə tutulur.

Festivalın rəsmi açılış mərasimində Türkiyənin Bursa üzrə dövlət rəsmiləri, Azərbaycanın Türkiyədəki rəsmi təmsilçiləri, Yunus Əmrə İnstitutunun əməkdaşları, yerli ipək istehsalçı şirkətlərin rəhbərləri, eləcə də digər yerli və xarici rəsmi qonaqların iştirakı nəzərdə tutulur.

DSC_0041

Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş təqdimat

Tədbirlər

Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş təqdimat

Nizami Gəncəvi Vəqfinin təşəbbüsü və təşkilatçılığı ilə Bakı Slavyan Universitetinin ədəbiyyat nəzəriyyəsi və dil ədəbiyyatı kafedrasının professoru, filologiya elmləri doktoru əməkdar müəllim Bella Musayeva tərəfindən 26 may 2022- ci il tarixdə Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr edilmiş təqdimat keçirilib.

Tanınmış Azərbaycan brendi  “Resm Jewerly” – in heyəti üçün təşkil edilən təqdimatda  2021-ci ildə “Nizami Gəncəvi” ili çərçivəsində sözügedən brend adı altında istehsal edilən “Xəmsə” ipək yaylıq kolleksiyasının ölkəmizə gələn əcnəbi qonaqlara təqdim edilməsi zamanı  dahi şairin fəlsəfəsinin çatdırılması ilə bağlı məlumatlar verilmiş və bu barədə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılmışdır.