Varlık 19
yuvarlak
İsgəndərnamə 1

TARİX 1200 - 1203

İSGƏNDƏNAMƏ

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bütün dünyada şöhrət tapmış ölməz “Xəmsə”si, “İsgəndərnamə” poeması ilə bitir. Bu son əsərində böyük söz ustasının məfkurəsi, bədii qayəsi, şair təxəyyülü özünün ən yüksək zirvəsinə çatmışdır. 

Nizami bu əsəri yazmağa başlayarkən altmış yaşını ötmüş, sözün ən geniş mənasında, hərtərəfli və dərin həyat təcrübəsi əldə etmişdi. Şair keçdiyi yaradıclıq yoluna nəzər salaraq hiss edirdi ki, “İsgəndərnamə” onun əvvəlki əsərlərində söylədiyi fikirlərin, əks etdirdiyi ümidlərin yekunu olmalıdır.

Nizaminin sonuncu poemasının əsas mövzusunu bir sıra Şərq xalqlarının yazılı və şifahi ədəbiyyatında geniş yayılmış Makedoniyalı İsgəndər (Aleksandr) dastanı təşkil edir. Onu da qeyd etmək lazmdır ki, qədim İran ədəbi ənənələrində bir amansız fateh, Əxəmənilər sülaləsinin qatı düşməni kimi təsvir edilən İsgəndər surəti Nizami dövründə bir çox yazılı abidələrdə ədalətli hakim, elmə, biliyə yüksək qiymət verən, ümumiyyətlə, müsbət qəhrəman kimi təsvir olunurdu. Mənbələrdə İsgəndərin səciyyəsinin belə dəyişməsinin bir səbəbini də isalm dini kitablarında onun peyğəmbər dərəcəsinə qaldırılması olmuşdur.

Dahi şair həmişə olduğu kimi, “İsgəndərnamə” poeması üzərində işləyərkən bir sıra tarixi mənbələri ciddi surətdə öyrənmiş, onların içindən özünün ideya bədii qayəsinə uyğun olan məlumatları seçimiş və ustad qələmi ilə nəzmə çəkmişdir. 

Şair ərəb və fasr dilində olan mənbələrlə yanaşı, yəhudi, nəsrani (xristian) və pəhləvi mənbələrini də tədqiq etmişdir. Doğrudan da, İsgəndər əhvalatı barəsində bu mənbələrdə çoxlu məlumat olduğu bu gün elmə bəllidir. Məlum olduğu kimi, yunan dilində Makedoniyalı İsgəndər haqqında olan ilk roman uzun illər onun şəxsi həkimi Kallisfenin adına yazılırdı. Lakin əsərin eramızın birinci əsrində meydana gətirildiyi məlum olduqda həmin roman “Saxta Kallisfen” adını aldı. Məhz bu əsər XII əsrə qədər siryani, yəhudi, pəhləvi dillərinə tərcümə edilmişdir ki, Nizami də bu tərcümələrin bəzilərindən istifadə edə bilərdi.

Nizaminin istifadə etdiyi mənbələrdən biri də pəhləvi dilində yazılmış, sonralar isə ərəb istilası (VIII-IX əsrlər) vaxtı məhv edilmiş “Xvatak-namak”lar (“Xudayənamə”) olmuşdur. Bu salnamələrin epik xarakter daşıyan hissələri ərəb dilinə çevrilmiş, tarixə və xüsusilə “ədəb” janrına mənsub olan ərəb dilli kitablarda özünə yer tapmışdır. 

“İsgəndərnamə” poemasının yazılma tarixinin dəqiq müəyyənlik qazanmaması bir sıra çətinliklər törədir. Məsələ burasındadır ki, şairin özü də “Xəmsə”yə daxil olan əvvəlki əsərlərindən fərqli olaraq, “İsgəndərnamə”nin yazılma tarixini göstərməmişdir. Əsərin iri həcmi (iyirmi min misradan çox) və mürəkkəb quruluşu bizi şairin poema üzərində uzun müddət işləməsi qənaətinə gətirir. Hər halda “İsgəndərnamə” 1197-ci ildən (“Xəmsə”nin dördüncü hissəsi olan “Yeddi gözəl” poemasının yazılış tarixidir) sonra yazılmışdır. 

Şərəfnamə

“Şərəfnamə” əsəri Nüsrətəddin Əbu Bəkr Bişkinə (1191-1210) həsr olunmuşdur. “İsgəndərnamə”nin ikinci hissəsində (“İqbalnamə”) isə Məlik İzzəddinin adı çəkilir. Əgər I İzzəddin Məsud nəzərdə tutulursa o, 1180-1193-cü illərdə hökmranlıq etmişdir. Deməli, həmin İzzəddin əsərin yazılmasından dörd il əvvəl ölmüşdür. Söhbət III İzzəddin Məsuddan gedirsə, o da 1211-ci ildə, yəni Nizaminin qəbul olnmuş ölüm tarixindən iki il sonra hakimiyyətə gəlmişdir.

Bu xronoloji qeyri-müəyyənlik “İqbalnamə”nin son hissələrinin guya şairin ölümündən sonra başqaları tərəfindən tamamlanması barəsində fikrin meydana gəlməsinə səbəb olmuşdur. Bu fikir bizə görə əsassızdır. 

Yaxın Şərq, o cümlədən Azərbacan ədəbiyyatında geniş yayılmış janr ənənələrinə riayət edərək, Nizami əsərin baş qəhrəmanı olan İsgəndəri anadan olduğu gündən təsvirə başlayır. Məlumdur ki, İsgəndərin milli mənşəyi barədə iki rəvayət var.

Bu adi rəvayətlərin birində İsgəndərin sadəcə bir tərki-dünya oğlu olması və Makedoniya hakimi Feyləqus (Filipp) tərəfindən oğulluğa götürülməsi, digərində isə onun İran şahı Daranın oğlu olması təsdiq edilir. Nizami hər iki rəvayət haqqında məlumat verir, lakin o təsdiq edir ki, İsgəndər Feyləqusun oğludur.

Beləliklə, İsgəndərin İran taxtının varisi olması məqsədilə quraşdırılan rəvayəti Azərbaycan şairi rədd edir. Əslində Nizami İsgəndərin rumlu olduğunu tarixi həqiqətə sadiq qalmaq naminə təsvir edir; İsgəndər Nizaminin sevdiyi, onun arzu və amallarını ifadə edən bir bədii surət, ədəbi qəhrəmandır. 

Əsərin “Şərəfnamə” hissəsində görürük ki, İsgəndərin müharibələr aparmaqda məqsədi hər yerdə ədaləti bərpa etməklə yanaşı, bu ölkələrdə yayılmış biliklərə sahib olmaqdır. İsgəndəri biz yürüşlər ərzində həmişə məşhur yunan alimləri arasında görürük.

“İsgəndərnamə” əsərində şairin yüksək vətənpərvərlik hissləri də öz əksini tapmışdır. Belə ki, Nizaminin dərin sevgi duyğuları ilə yaratdığı Bərdə hakimi Nüşabə surəti bu hislərin təmsilçisidir. Maraqlı burasıdır ki, Nizami İsgəndəri öz doğma yurdu Azərbaycana gətirmək üçün bilərəkdən tarixi anoxronizmə yol vermişdir. Bərdə hakimi Nüşabə eyni zamanda şairin “ədalətli hökmdar” haqqında görüşlərinin də ifadəçisidir. 

Böyük humanist şair olan Nizaminin dərin vətənpərvərlik duyğuları onun beynəlmiləlçi görüşləri ilə sıx bağlıdır. Nizami xalqlar dostluğu və sülh ideyalarının carçısıdır.

“Şərəfnamə” qəhrəmanlıq dastanıdır. Təbiidir ki, biz bu əsərdə çoxlu döyüş səhnələrinə təsadüf edirik. Şairin müharibələrə olan münasibəti onun beynəlmiləlçilik görüşlərilə üzvi surətdə bağlıdır. Nizami müharibələri insan cəmiyyəti üçün fəlakət sayırdı.

Nizami öz dövrünün qabaqcıl fikir sahiblərini həyəcana gətirən bir sıra mühüm və aktual problemləri bu son əsərində əks etdiməyi öz qarşısına qoymuş və həmin istəyinə də yüksək bədii səviyyədə nail ola bilmişdir. 

Mənbə: Nizami Gəncəvi., İskəndərnamə. Şərəfnamə., “Lider Nəşriyyatı”., Bakı., 2004., səh.4,5,7,8,9,10,11,12.

Ön sözün müəllifi: Qəzənfər Əliyev

Elmi redaktor: Xəlil Yusifli 

İqbalnamə

Nizami Gəncəvi də daxil olmaqla Şərq intibah dövrünün dahi alim, mütəfəkkir və sənətkarları öz yaradıcılıqlarını yüksək kamala yetmiş, nəcib əxlaqi sifətlər, əql və gözəllik daşıyıcısı İnsana həsr etmişlər. “İqbalnamə”nin də əsas qəhrəmanı adı böyük hərflə yazılan İnsan obrazıdır. Bəlkə məhz buna görə Nizami belə bir qəhrəmanı sərkərdə, hökmdar və elm havadarı kimi şöhrət tapmış Makedoniyalı İsgəndərin surətində verir. Poemanın əsas məqsədi isə insanın səadətinə xidmət, bu səadəti təminetmə yollarını arayıb tapmaqdır.

“İqbalnamə” XII əsrdə yazılıb və bu dövrdə yazılan bütün başqa əsərlər kimi o da bir sıra ithaflarla – Allahın, peyğəmbərin, dövrün hökmdarlarının şəninə yazılmış mədhiyyələrlə başlayır. Lakin Nizaminin ənənə üzrə yazdığı mədhiyyələri hər şeydən əvvəl böyük mütəfəkkirin humanizmi və özünəməxsus bir səciyyə daşıyan rasionalizmi ilə fərqlənir.

“İqbalnamə” orta əsr fəlsəfi poeziyasına məxsus tərzdə qurulub. Yüksək bədii formada yazılmış hekayələr bir-birilə əvəz olunur və əsərin süjetini açaraq oxucunu heyran edir. Burada mütəfəkirin fəlsəfi konsepsiyasının məğzini insanın əxlaqi və intellektual kamilliyinin cəmiyyətin sosial kamilliyi ilə tamamlanması ideyası təşkil edir.

Qədim yunan elminin Ərəstu, Bəlinas, Sokrat, Əflatun, Valis, Fərfuriyus kimi nümayəndələrini bir yerə toplayan böyük mütəfəkkir onları orta əsr fəlsəfə və elminin ən ümdə və mühüm məsələləri haqda fikir söyləməyə, qoca kainatın tarixindən danışmağa məcbur edir. Maraqlı burasıdır ki, Nizami qəhrəmanları – filosofları dilləndirərək onların fikrini çox vaxt olduğu kimi yox, Şərq fəlsəfəsi cərəyanlarına uyğun şəkildə verir. Orta əsr ərəb dilli filosoflar, məlum olduğu kimi, qədim yunan fəlsəfəsinə dair əsərləri tərcümə və təfsir edərək, bu fəlsəfəni qədim və orta əsr Şəqr fəlsəfi fikriylə birləşdirib, yeni orijinal keyfiyyətli təlim yaratmışlar.

“İqbalnamə” “Xəmsə”ni tamamlayır, başa çatdırırsa, ideal cəmiyyət təlimi də “İqbalnamə”dəki axtarışların, istəklərin son zirvəsidir. “Sirlər xəzinəsi”ndən başlamış “İsgəndərnamə”yədək Nizami hər bir poemasında zorakılığı, nəcib zəhmetkeş xalqa zülm edilməsini, əyri yollarla var-dövlət yığmağı, tamahkarlığı, qəddarlığı, vicdan alverini, rüşvəti dəfələrlə kəskin tənqid etmiş, adil hakimlər silsiləsi yaratmışdır.

Nizaminin başqa əsərlərində öz əksini tapmış sosial-etik görüşləri ilə birlikdə götürülürsə, “İqbalnamə”dəki kamil cəmiyyət təlimi oxucunu ədalət uğrunda daha fəal mübarizəyə çağırır. Nizami idealının bütün dövrlərin insanlarına yaxınlığı və doğmalığının səbəbi də buradadır. Şairin öz sözü ilə desək, “İqbalnamə” dür yox, dəryadır.

 

Mənbə: Nizami Gəncəvi., İskəndərnamə. İqbalnamə., “Lider Nəşriyyatı”., Bakı., 2004., səh.4,5,6,8,12,13.

Ön sözün müəllifi: Zümrüd Quluzadə

Elmi redaktor: Xəlil Yusifli

Shopping Basket